Novoşaxtinsk şəhəri Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb
Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhəri ərazisində hava hücumu nəticəsində partlayışlar baş verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar özünün Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, xəsarət alan yoxdur.
Slyusar bildirib ki, hazırda fövqəladə xidmətlər hadisə yerindədir, yaranmış yanğının söndürülməsi işləri aparılır.
Qubernator eyni zamanda vətəndaşlara baş verən hadisəni videoya çəkməməyi və görüntüləri internetdə paylaşmamağı xahiş edib.
Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında Slyusar Rostov vilayətinin şimal və şərq rayonlarının axşamdan etibarən pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığını bildirmişdi.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 25-nə keçən gecə Rusiya regionları üzərində 141 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib. Ən çox PUA — 62 ədəd — Bryansk vilayəti üzərində vurulub. Rostov vilayətində isə 6 dron məhv edilib.
Bundan əvvəl Belqorod vilayətində dron hücumu nəticəsində bir uşağın xəsarət aldığı bildirilmişdi.
Pərvin Hacıyeva
15:56 25.12.2025
Oxunuş sayı: 3560