Hakan Fidan Qəzza üzrə sülh planını HƏMAS-la müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə sülh planının ikinci mərhələsini radikal Fələstin hərəkatı HƏMASın nümayəndə heyəti ilə müzakirə edib. Nümayəndə heyətinə hərəkatın siyasi bürosunun üzvü Xəlil əl-Həyyə rəhbərlik edib.
Bu barədə Crossmedia.az TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Qəzzadakı mövcud vəziyyət müzakirə olunub və sülh planının ikinci mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Hakan Fidan bildirib ki, Türkiyə bütün beynəlxalq platformalarda fələstinlilərin hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edir. O, həmçinin Qəzzanın mənzil və humanitar ehtiyaclarının qarşılanması istiqamətində Türkiyənin həyata keçirdiyi işlər barədə qarşı tərəfi məlumatlandırıb.
HƏMAS nümayəndələri isə bəyan ediblər ki, atəşkəs razılaşmalarına əməl edirlər, lakin İsrailin Qəzzaya zərbələri davam etdirməsi sülh planının ikinci mərhələsinə keçidi əngəlləyir.
Eyni zamanda, HƏMAS nümayəndə heyəti Qəzzaya girişinə icazə verilən yük maşınlarının təxminən 60 faizinin kommersiya yükləri daşıdığını, humanitar yardımın həcminin isə real ehtiyaclara cavab vermədiyini bildirib.
Qeyd olunub ki, bölgədə hələ də əsas tələbat malları, dərman vasitələri, yaşayış evlərinin tikintisi üçün materiallar və yanacaq çatışmazlığı müşahidə olunur.
Mehriban İbrahimli
18:23 24.12.2025
Oxunuş sayı: 2716