Suriya hökuməti ilə SDF arasında geniş razılaşma əldə edilib
Suriya hökuməti ilə Suriya Demokratik Gücləri (SDF) arasında aparılan danışıqlar nəticəsində böyük razılaşma əldə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Razılaşmanın yekunlaşdırılması cümə axşamı keçiriləcək görüşdə təsdiqlənəcək.
Məlumata görə, razılaşmanın əsas məqamları aşağıdakılardır: SDF Məzlum Əbdinin komandanlığı altında üç diviziya yaradacaq, Fəratın qərbində İŞİD-ə qarşı beynəlxalq koalisiyaya müşayiət edən diviziyanın olması tələbindən imtina edəcək. Suriya hökuməti SDF-yə 100 hərbi rütbə verəcək və bu şəxslər Müdafiə və Daxili İşlər Nazirliklərində SDF heyəti olmadan fəaliyyət göstərəcəklər.
Əl-Hol düşərgəsi və digər həbsxanalarda SDF təhlükəsizlik təmin edəcək, amma hökumət ofisləri vasitəsilə məlumat toplama və əlaqə saxlama imkanına malik olacaq. SDF həmçinin 60.000 hərbi qulluqçunun siyahısını Müdafiə Nazirliyinə, 30.000 nəfərlik siyahını isə Daxili İşlər Nazirliyinə təqdim edib.
Razılaşmaya görə, SDF digər ölkələrlə birbaşa əlaqə qura bilməyəcək, hər hansı üsyanı dəstəkləməyəcək və bölgədəki dövlət məmurlarının təyinatı üzərində tam səlahiyyətə malik olacaq. Xarici şirkətlərin neft çıxarılması gəliri hökumət, SDF və şirkətlər arasında bölüşdürüləcək, sərhəd məntəqələri isə SDF personalı tərəfindən idarə olunacaq. Razılaşma ABŞ və Avropanın zəmanəti altında beynəlxalq müqavilə statusu daşıyacaq.
Hələ razılığa gəlməyən iki məsələ var: SDF-nin Samalqa keçid məntəqəsində hərbi və təhlükəsizlik nəzarətini saxlamaq istəməsi və Fərat çayının şərqində hökumət qüvvələrinin yerləşdirilməsi məsələsi.
Ekspertlər bildirir ki, bu razılaşma ilə Suriyada kürdlərə yüksək muxtariyyət statusu verilir ki, bu da İraq Kürdüstanından sonra daha aşağı səviyyədə Suriya Kürdüstanının yaradılması anlamına gəlir.
18:07 24.12.2025
Oxunuş sayı: 3443