Türkiyə qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı açıqlama yayıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Liviya nümayəndə heyətinin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi açıqlama verib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, hadisə ilə bağlı aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində saat 02:45-də təyyarənin bort səs yazıcısı, 03:20-də isə “qara qutu” aşkar edilib. Aidiyyəti qurumlar artıq tapılan məlumat daşıyıcılarının araşdırılmasına başlayıblar.
Məlumata əsasən, Liviya nümayəndə heyətini daşıdığı ehtimal edilən hava gəmisi uçuş zamanı texniki nasazlıq barədə məlumat verərək geri qayıtmaq niyyətini bildirib.
“Saat 20:32-də təyyarə texniki nasazlıq səbəbindən geri dönəcəyini xəbər verib. Lakin 20:52-də Haymana rayonu ərazisində hava gəmisi ilə əlaqə tamamilə kəsilib”, – deyə Ali Yerlikaya bildirib.
Nazir qeyd edib ki, jandarma bölmələri hadisə yerinə təxminən 22:00-da çatıb. İlkin baxış zamanı təyyarənin fraqmentləri aşkarlanıb. Axtarış tədbirləri nəticəsində təyyarə qalıqları Haymana rayonunun Kesikkavak məhəlləsindən təxminən iki kilometr cənubda tapılıb.
Xatırladaq ki, Ankaradan Liviyanın paytaxtı Tripoliyə qayıdan Falcon 50 tipli təyyarə gecə saatlarında, Ankaradan təxminən 74 kilometr məsafədə qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər, o cümlədən Liviya ordusunun komandanı Məhəmməd Əli Əhməd əl-Həddad həlak olub.
Türkanə Məşədiyeva
13:06 24.12.2025
Oxunuş sayı: 3599