Moskvada partlayış nəticəsində iki yol patrul xidməti əməkdaşı həlak olub
Rusiyanın paytaxtı Moskvanın Yeletskaya küçəsində partlayış baş verib, nəticədə iki yol patrul xidməti (DPS) əməkdaşı ölüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, istintaq orqanları hadisə yerini araşdırır, təhlükəsizlik kameralarının görüntüləri öyrənilir. Rəsmi açıqlamada bildirilib ki, bir sıra məhkəmə ekspertizaları, o cümlədən tibbi və partlayıcı texnologiya ekspertizaları təyin olunacaq.
İstintaq hələ hadisənin bütün detalları barədə məlumat verməyib. Məlumata görə, bu gecə naməlum şəxs DPS avtomobilinə bomba atıb. Hadisə nəticəsində yaralanan iki əməkdaş təcili tibbi yardım avtomobilində dünyasını dəyişib.
Qeyd olunur ki, partlayış general-leytenant Fanil Sarvarovun qətlinin baş verdiyi əraziyə yaxın yerdə baş verib. General-leytenant Sarvarov iki gün əvvəl sui-qəsd nəticəsində həlak olmuşdu. İstintaq hesab edir ki, onun ölümündə Ukrayna xüsusi xidmət orqanlarının agentləri məsuliyyət daşıyır.
Sevinc Yarməmmədova
10:10 24.12.2025
Oxunuş sayı: 3572