Qazaxıstan və Özbəkistan liderləri G20 sammitinə dəvət olunub
Qazaxıstan və Özbəkistan prezidentləri 2026-cı ildə ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitində qonaq qismində iştirak edəcəklər. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Crossmedia.az xəbər verir ki, ABŞ liderinin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə iki “çox məhsuldar və xoş” telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər mövcud münaqişələrə sülhün gətirilməsinin vacibliyini, eləcə də ticarət və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Donald Tramp qeyd edib ki, hər iki lider G20 kimi mühüm beynəlxalq platformada qonaq qismində iştirak etmək üçün rəsmi dəvət alacaq. ABŞ prezidenti bu sammitin qlobal iqtisadiyyat, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Məlumata görə, Qazaxıstan və Özbəkistan liderlərinin G20 sammitinə dəvət olunması Mərkəzi Asiya ölkələrinin beynəlxalq arenada artan rolunun və ABŞ ilə region arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinin göstəricisi kimi dəyərləndirilir.
Sevinc Yarməmmədova
10:04 24.12.2025
Oxunuş sayı: 3035