Azərbaycanla Türkiyə arasında bu məsələ ilə bağlı analşma əldə oluna bilər - AÇIQLAMA
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində formalaşmış strateji əməkdaşlıq və dərin tarixi-mədəni bağlar uzun illərdir ki, minlərlə gəncin qarşılıqlı şəkildə ali təhsil almasına geniş imkanlar yaradıb. İki qardaş ölkə arasında akademik mübadilə, tələbə mobilliyi və diplomların qarşılıqlı tanınması məsələləri bu əməkdaşlığın əsas sütunlarından biri kimi qiymətləndirilir. Lakin son dövrlər bu sahədə mövcud olan bəzi institusional maneələr ictimai və rəsmi müzakirələrin gündəminə çıxmağa başlayıb.
Məhz bu kontekstdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Azərbaycan–Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı vacib bir məsələyə diqqət çəkib. O, iki ölkə arasında təhsil sahəsində mövcud olan müsbət ənənələrə baxmayaraq, Azərbaycanın bəzi ali təhsil müəssisələrinin məzunlarının Türkiyədə təhsillərini davam etdirə bilməməsindən narahatlığını ifadə edib. Sözügedən problem diplomların Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmaması ilə bağlıdır ki, bu da gənclərin akademik və peşəkar inkişaf imkanlarını məhdudlaşdıran əsas amillərdən biri kimi dəyərləndirilir.
Məsələ ilə bağı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri sürətlə inkişaf edir və bu inkişafı bütün sahələrdə açıq-aydın görmək mümkündür. Lakin vacib bir məsələ var: bəzi Azərbaycan universitetlərinin diplomları hələ də Türkiyədə tanınmır. Bu isə vətəndaşlarımız, xüsusilə Azərbaycanda təhsil alan Türkiyə vətəndaşları üçün ciddi çətinliklər yaradır.
Bu məsələnin həlli zəruridir və mövzu ilə bağlı danışıqlar aparılmalıdır. Bunun üçün həm universitetlərimiz öz təhsil keyfiyyətini artırmalı, həm də Azərbaycan və Türkiyə tərəfi, o cümlədən aidiyyəti təhsil nazirlikləri birgə müzakirələr apararaq çıxış yolunu müəyyənləşdirməlidirlər.
Bu məsələ yalnız vətəndaşlarımızın problemini həll etməklə yanaşı, eyni zamanda Azərbaycan təhsilinin inkişafına və keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər. Qeyd edək ki, bu strateji və həssas məsələdir və onun həlli artıq gecikir. Ən qısa zamanda nəticələrin əldə olunmasına ehtiyac var".
Elmir Heydərli
15:30 23.12.2025
Oxunuş sayı: 1309