Qazaxıstan: AZAL təyyarəsi qəzası üzrə təhqiqat yekunlaşmaq üzrədir — Kanat Bozumbayev açıqladı
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq iki hissəyə bölünür. Cinayət tərkibi Baş Prokurorluq, aviasiya hadisəsinin özü isə Nəqliyyat Nazirliyi tərəfindən araşdırılır.
Crossmedia.az Kazinform-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
“Nəqliyyat Nazirliyi istintaqın son mərhələsindədir. Hazırda lisenziarlar və ya texnologiya sahiblərindən yekun rəy gözləyirik. Prinsip etibarilə, Nəqliyyat Nazirliyi ilə bağlı istintaqı başa çatdırmağa hazır olacağıq. Ola bilsin ki, bu il və ya gələn ilin əvvəlində. Baş Prokurorluğa gəldikdə isə orada da irəliləyiş var”, - deyə Baş nazirin müavini vurğulayıb.
Xatırladaq ki, təyyarə qəzası 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında baş verib. Bakıdan Qroznıya uçan AZAL sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarədə beş heyət üzvü də daxil olmaqla 67 nəfər olub. Qəza nəticəsində 38 sərnişin həlak olub, 29 nəfər isə sağ qalıb.
Dekabrın 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hadisə ilə bağlı hərtərəfli və qərəzsiz araşdırma aparmağa çağırıb.
Fevralın 4-də Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyi qəza ilə bağlı araşdırma barədə ilkin hesabat dərc edib.
Nəzrin Abbas
10:47 03.12.2025
Oxunuş sayı: 509