Türkiyə hərəkətə keçdi: PKK/YPG, PYD, SDG kimi təşkilatlar məhv ediləcək
Regionun təhlükəsizlik nəbzi yenidən Ankara ritmində döyünür. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, TBMM-in Planlaşdırma və Büdcə Komissiyasında 2026-cı il büdcəsinin müzakirəsi zamanı sərt və birmənalı mesaj verdi: PKK/YPG, PYD, SDG də daxil olmaqla heç bir terror təşkilatının bölgədə kök salmasına, ad dəyişdirib fəaliyyətini davam etdirməsinə imkan verilməyəcək. Ankara, sərhədlərinin yaxınlığında “köhnə oyunun yeni adlarla” davam etməsinə qəti şəkildə qarşı olduğunu bir daha nümayiş etdirdi.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Türkiyənin Milli Müdafiə Nazirinin bu açıqlaması əslində mühüm bir mesaj daşıyır, yəni hələ də Türkiyə üçün təhdid ola biləcək PKK, PYD, YPG və SDG kimi silahlı qruplar bölgədə mövcuddur: “Bir müddət əvvəl Ankara bu məsələdə dialoq cəhdləri göstərmişdi. Hətta parlamentdəki kürd əsilli fraksiyanın nümayəndələri də silahların yerə qoyulması və normal siyasi dialoqun bərpası üçün çağırış etmişdi. Türkiyə həmin dövrdə barışıq üçün müəyyən addımlar atmağa hazır olduğunu bildirmiş, uzun illər davam edən problemi sülh yolu ilə həll etməyin mümkünlüyünü vurğulamışdı. Çünki artıq 40-50 ilə yaxın davam edən PKK terrorunun bitməsi ilə bağlı qəti nəticə əldə olunması gözlənilirdi. Lakin bu istiqamətdə aparılan danışıqlar hələ də real nəticə verməyib’’.
Politoloq bildirib ki, indi isə proses yeni bir mərhələyə keçir: “Ankara istəyir ki, bu qruplar ya könüllü şəkildə silahı yerə qoysun, ya da Türkiyə onları hərbi yollarla neytrallaşdırsın. Silahı könüllü təhvil vermək variantı hazırda inandırıcı görünmür, çünki xarici güclər bu qrupların tamamilə sıradan çıxmasına imkan vermək niyyətində deyil. Onlar bu silahlı dəstələri Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edirlər. Bu səbəbdən Müdafiə Nazirliyinin açıqlaması, yaxın zamanlarda Türkiyənin yeni hərbi əməliyyatlara başlama ehtimalının artdığına işarə edir. Ankara Suriyanın və İraqın şimalında yerləşən terrorçu dəstələrin zərərsizləşdirilməsi üçün genişmiqyaslı antiterror əməliyyatları keçirə biləcəyinin anonsunu verir’’.
Sevinc Yarməmmədova
17:50 27.11.2025
Oxunuş sayı: 2600