Nazir xəbərdardarlıq etdi: Yeni İran- İsrail savaşı başlaya bilər

İranın xarici işlər naziri Abbas Əraqçi “Asharq Al Awsat”a müsahibəsində bildirib ki, İran regionda baş verəcək istənilən hadisəyə, o cümlədən İsraillə mümkün silahlı münaqişənin yenidən başlamasına hazırdır.
“İstənilən ssenarinin başvermə ehtimalı var və biz istənilən vəziyyətə hazırıq. 12 günlük müharibə göstərdi ki, hərbi variant rəqiblər üçün uğurlu deyil və İran hücumları dəf edə bildi”, - o vurğulayıb.
Əraqçi qeyd edib ki, son münaqişə zamanı İran İsrailin hədəflərinə zərbələr endirməkdə davam edib və öz mövqelərini uğurla müdafiə edib. Eyni zamanda, o əlavə edib ki, əgər rəqiblər hərbi əməliyyatlar ssenarisini təkrarlamağa cəhd etsələr, onlar eyni səviyyədə, bəlkə də daha güclü cavabla üzləşəcəklər.
Nazir həmçinin İranın qonşu ölkələrlə konstruktiv dialoqa və regionda vəziyyəti sabitləşdirmək üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Əslində Əraqçinin dediklərində müəyyən həqiqət var. Məsələ burasındadır ki, 12 günlük müharibədən sonra hələ də regionda gərgin ab- hava qorunmaqdadır.
Xatırlatmaq yerinə düşər ki, bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur bildirib ki, İran İsrailin yeni hücumu halında cavab verməyə tam hazırdır.
Pakpur qeyd edib ki, İran ordusu yeni təcavüz halında İsrailə daha da sarsıdıcı cavab vermək üçün tam döyüş hazırlığındadır.
Yaxın Şərq faktiki olaraq "qan çanağına" dönüb. İsrail dayanmır və dayanana oxşamır. Buna paralel olaraq Ərəb dünyası da Təl- Əvivə qarşı aqressiyasını azaltmır. Livan, Yəmən kimi ölkələrdən İsrail raket zərbələri hələ də endirilir.
Əvvəl də dediyimiz kimi, HƏMAS- la müharibə bitəndən sonra İsrail hakimiyyəti üçün ciddi təhdidlər yaranacaq. Baş nazir Benyamin Netanyahu ən yaxşı halda iqtidardan gedəcək. Amma həbs olunma ehtimalı da var. Nəzərə almaq lazımdır ki, artıq xalq da hakimiyyətin bu siyasətinə qarşı çıxır. Yəni hakimiyyət bir növ müharibələrdən asılı vəziyyətə düşüb.
Lakin onu da nəzərə almaq lazımdır ki, obrazlı dillə desək, Təl- Əvivi "əcəl girləyir". Ərəb dünyasının İsrailə qarşı hazırkı mövqeyinin arxasında başqa güclərin diktəsinin olması tamamilə mümkündür.
Bütün bunları nəzərə alsaq deməliyik ki, yeni İsrail- İran savaşının başlanması istisna deyil. Bu, əslində, tərəflərə sərf etməsə də, ikisi də yeni qarşıdurmaya məcbur qala bilər. SEPAH komandanının dedikləri də əslində bunu göstərir.
Bəlkə də, İran növbəti qarşıdurma halında 12 günlük savaşda onlarca generalının ölümünün qisasını almaq barədə düşünür. Bu, İran hakikiyyətinin zəifləməməsi üçün çox vacibdir.
Kənan Novruzov
13:05 27.08.2025
Oxunuş sayı: 750