İsrail yenidən müharibəyə başlayır: səbəblər nədir?

İsrail, 19 yanvarda əldə edilən atəşkəs razılaşmasından sonra Qəzza zolağına qarşı yenidən genişmiqyaslı hava hücumlarını həyata keçirdi. Məlumatlara görə, hava hücumları nəticəsində ən azı 400 fələstinli həlak olub. İsrail Qəzzənin şimal və mərkəzi bölgələrində bəzi ərazilər üçün təxliyə əmrləri verib. Bunun quru qoşunlarının da iştirak edəcəyi yeni bir əməliyyatın xəbərçisi olduğu qiymətləndirilir.
Atəşkəsin əldə olunmasına rəğmən, İsrailin yenidən əməliyyatlar bərpa etməsinin səbəbləri nədir? Və niyə məhz indi İrsail bu əməliyyatlara start verdi?
Əslində İsrail hökuməti artıq həftələrdir ki, Qəzzada əməliyyatları bərpa edəcəyi ilə bağlı təhdidlər səsləndirirdi. İsrailli rəsmilərin fikrincə, HƏMAS-ın yenidən güclənməsi və Qəzzada nəzarəti ələ alması girov mübadiləsini çətinləşdirir. İsrailli rəsmilər buna görə HƏMAS-ı hədəf almağın daha çox girovun azad edilməsini təmin edəcəyini düşünürdülər. Lakin bu qərarın özü İsrailin daxilində birmənalı qarşılanmamaqda idi. Məsələn, girovların ailələri bu strategiyanın nəticə verməyəcəyini müdafiə edirdi.
Digər tərəfdən, İsrail son həftələrdə hərbi gücünü yenidən bərpa etdi. Amerika Birləşmiş Ştatlarından (ABŞ) göndərilən silah tədarükləri ilə sursat ehtiyatları yeniləndi, yeni hədəflər müəyyən edildi və təyyarələrlə hərbi texnikalar təmir olundu. Uzun müddətdir əməliyyatlarda iştirak edən əsgərlər isə istirahət edərək yeni bir hərbi əməliyyata hazır vəziyyətə gətirildi.
Təbii ki, atəşkəsin pozulması danışıqlara da öz mənfi təsirini göstərəcək.
Hücumlar yanvar ayında əldə edilən atəşkəs razılaşmasının ilk mərhələsinin başa çatmasından 16 gün sonra başladı. Üç mərhələdən ibarət olan atəşkəs planı müharibənin tamamilə bitməsini, İsrailin Qəzzədən geri çəkilməsini və HƏMAS-ın əlindəki bütün girovları azad etməsini nəzərdə tuturdu. Lakin bilindiyi kimi, danışıqlar uğursuz oldu.
İsrail ilk atəşkəs mərhələsini 30-60 gün uzadaraq girov mübadiləsinin davam etməsini təklif etsə də, HƏMAS bu təklifi rədd etmişdi. HƏMAS, İsrailin girov mübadiləsinin ikinci mərhələsinə keçmək öhdəliyini yerinə yetirmədiyini iddia edirdi. İsrail isə HƏMAS-ı yeni girov azad etmə prosesinə mane olmaqda günahlandırır.
Lakin əməliyyatların məhz indi başlamasına səbəb olan başqa pərdəarxası faktorlar da var.
İlk növbədə vurğuılamaq lazımdır ki, yanvar ayında əldə edilən atəşkəsin ikinci mərhələsinə keçmək İsrailin Qəzzədən geri çəkilməsi demək olacaqdı. Bu isə HƏMAS-ın bölgədəki nəzarətini qoruyub saxlamasına gətirib çıxara bilərdi. Netanyahu bu ssenariyə qətiyyən isti baxmırdı. İsrail başlıca təhdid olaraq məhz HƏMAS-ı görür və hətta bu məsələdə az qala Fələstinin Mahmud Abbas adminstrasiyası ilə eyni fikirdədirlər (Mahmud Abbasın bir neçə gün bundan əvvəl atəşkəsin pozulmasında məhz HƏMAS-ı günahlandıran açıqlamasını xatırlatmaq istərdim). Fələstinin daxilindəki fikir ayrılığı (buna müəyyən qədər nüfuz davası da demək olar) İsrailin hücumları bərpa etməsi üçün münbit zəmin deməkdir.
Başqa bir məqam ABŞ ilə əlaqədardır. Pre4zident seçkilərindən sonra İsrail Amerikanın köhnə yeni rəhbərliyinin nəbzini qarşılıqlı səfərlər və eləcə də diploimatik təmaslarla yoxlaya bildi. Tramp adminstrasiyası birinci dönəmdə olduğu kimi İsrailin tam yanında olmasını qətiyyətlə bildirməsi, HƏMAS-a qarşı hücumları artırmaq üçün böyük dəstək deməkdir.
Digər səbəb daxili faktorlarla əlaqədardır.
Vurğulamaq lazımdır ki, Netanyahu İsrail Parlamenti (Knesset) daxilindəki kritik səsvermələrdə ifrat sağçı müttəfiqlərinin dəstəyinə ehtiyac duyur. İfrat sağçılar Qəzzədə müharibənin bitməsinə qəti şəkildə qarşı çıxırlar. Elə yanvar ayında əldə edilən atəşkəsi etirazla qarşılayan bir nazir hökumətdən istefa vermişdi.
“Guardian” qəzetinin yaydığı bir məlumata görə, İsrailin baş naziri bazar günü İsrail Daxili Təhlükəsizlik Xidmətinin rəhbərini də vəzifədən uzaqlaşdırmağa çalışacağını açıqlayıb. Bu addım İsrailin daxilindəki müxalif qüvvələr tərəfindən demokratik nəzarət mexanizmlərini aşmağa yönəlmiş yeni bir cəhd kimi qiymətləndirilir və həftənin sonuna doğru genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi gözlənilir. Əməliyyatların başlaması ilə artıq bu etirazçılar Netanyahunun tərəfdarları tərəfindən "vətən xaini" olaraq təqdim oluna bilər.
Buna əlavə olaraq bir məqamı da vurğulamaq lazımdır ki, İsrailin baş nazirinə qarşı açılmış “korrupsiya işi” hələ davam etməkdədir. Əgər o, haqqında açılan korrupsiya işi üzrə günahkar bilinərsə, həbs oluna bilər. İsrail mediası müharibənin yenidən başlanmasının Netanyahuya məhkəmə proseslərini təxirə salmaq və ictimaiyyətin diqqətini başqa yönə çəkmək üçün bir fürsət verə biləcəyini iddia edir. Artıq İsrail mediası Netanyahunun "hücumların yenidən başlaması səbəbilə" çərşənbə axşamı keçiriləcək məhkəmə iclasına qatılmama tələbinin qəbul edildiyini bildirib.
Vüqar Zifəroğlu
Yaxın Şərq ölkələri üzrə mütəxəssis
12:04 19.03.2025
Oxunuş sayı: 13927
