CROSSMEDIA - "Bu baş tutsa, Ermənistanı nə qədər silahlandırsalar da, təxribata getməyəcək"- TƏKLİF
Cənubi Qafqaz

"Bu baş tutsa, Ermənistanı nə qədər silahlandırsalar da, təxribata getməyəcək" - TƏKLİF

 Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili fevralın 26-da Ankarada türkiyəli həmkarı Hakan Fidanka birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Gürcüstan region ölkələri, xüsusilə Azərbaycan, Türkiyə və Ermənistanla çoxtərəfli münasibətlərin inkişaf etdirilməsini vacib hesab edir. 

"Ölkələr arasında əlaqələrin müxtəlif formatlarda inkişafı son dərəcə vacibdir. Müxtəlif formatlarda uzunmüddətli əməkdaşlıq bizə bir çox əhəmiyyətli və faydalı layihələr həyata keçirməyə imkan verib. Ümid edirəm ki, Türkiyə və ölkənin xarici işlər nazirinin dəstəyi ilə biz gələcəkdə də təşəbbüsləri və layihələri davam etdirə biləcəyik", - o vurğulayıb.

Gürcüstanlı nazirin səsləndirdiyi fikirlər barədə Crossmedia.-az-a danışan siyasi şərhçi Qədir Aslan söyləyib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın hər biri regional əməkdaşlıqla bağlı öz layihəsini təqdim edir:  "Gürcüstanın təqdim etdiyi platforma bizimkindən o qədər də fərqlənmir, lakin xırda bir nüans var – o, İrəvanla yaxınlaşmağa, İrəvanın regional inteqrasiyaya başlamasına bir qədər fərqli baxır. Bakı və Ankara isə bu məsələyə özünəməxsus yanaşır. Burada bizim üçün əsas məqamlardan biri ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiyadır. Həmin sənəddə göstərilir ki, Ermənistanın  beynəlxalq sulara çıxışı olmadığı üçün onun regional nəqliyyat və ticarət qovşaqlarına inteqrasiyası təşəbbüsünü ABŞ öz üzərinə götürüb. Bu isə o deməkdir ki, Bakıda, Tiflisdə və Ankarada son 30 ildə həyata keçirilmiş bütün layihələrə Ermənistan da qoşulmalıdır".



Q.Aslan 3+3 formatının hələlik Bakı üçün aktual olmadığını, əksinə, demək olar, əhəmiyyətini itirdiyini bildirib: "Çünki Bakı ilə Moskva və Tehran arasında ikitərəfli münasibətlər hələ konkret bir məcrada deyil.  Bu formatın perspektivi xeyli dərəcədə Azərbaycanın qonşu dövlətlərlə münasibətindən asılıdır".

Onun sözlərinə görə, hazırda Tiflisin yanaşması konstruktivdir. "Bakı, Tiflis və Ankara birlikdə regional əməkdaşlıq nümunəsi yaradıb. Bunu İrəvana təqdim etmək də məqsədəuyğundur".

Ekspertin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında Şuman Bəyannaməsinə oxşar sənəd imzalana bilər: "Həmin planın əsas mahiyyəti Fransa ilə Qərbi Almaniyanın metallurgiya, dəmir filizi və kömür mədən sənayesini birləşdirməkdən ibarətdir. Bu sənədlə indiki Avropa İttifaqının iqtisadi və maliyyə imperiyasının əsası qoyuldu. Bu sənəd Fransa ilə Almaniya arasında əsrlərlə davam edən münaqişəyə son qoyaraq, onları iqtisadi əməkdaşlığa sövq etdi. Artıq bir əsrə yaxındır ki, bu iki ölkə savaşmır, əksinə, əməkdaşlıq edir, ticarət aparır və birlikdə inkişaf edirlər. Bizim də Ermənistanla oxşar problemlərimiz var. Məsələn, sərhədlərimizi aşan çaylar var ki, onlar Ermənistan ərazisindən başlayıb Azərbaycan ərazisinə keçir. Bundan əlavə, qızıl və digər təbii ehtiyatlarla bağlı yataqlar mövcuddur. Məsələn, sovet dövründə Kəlbəcərdəki yataqların 76%-i bizə, 24%-i isə Ermənistana düşürdü. Bu çayların üzərində yenilənə bilən enerji ilə bağlı yeni bir iqtisadi struktur yaratmaq mümkündür. Əgər Azərbaycan və Ermənistan bu layihələrdən bir manat belə gəlir qazansa, bu, əməkdaşlıq üçün bir başlanğıc sayıla bilər. Bu baş tutsa, Ermənistanı nə qədər silahlandırsalar da, təxribata getməyəcək".



Fatimə Məmmədova

11:25 27.02.2025

Oxunuş sayı: 3396

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR