Türkiyə ABŞ-ı da Suriyadan çıxarır? - "Oyun qaydaları" dəyişir
- ABŞ qoşunlarını Suriyadan çıxarmaq barədə düşünür. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır, ABŞ administrasiyası ərəb respublikasından Amerika qoşunlarının çıxarılması imkanı ilə bağlı qərar qəbul edəcək.
- “Bunu kimin dediyini bilmirəm, amma biz bununla bağlı qərar qəbul edəcəyik”, – deyə o, İsrail KİV-inin yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxarılması imkanından narahat olması barədə məlumatlarını şərh edib.
- “Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu onların qarışıqlığıdır. Onların yetərincə problemləri var. Bizim qarışmağımıza ehtiyacları yoxdur”, – Tramp əlavə edib.
- Daha əvvəl İsrailin dövlət teleradio şirkəti “Kan” məlumat vermişdi ki, yüksək vəzifəli Amerika məmurları İsrail nümayəndələrinə Trampın Suriya ərazisində qalan Amerika əsgərlərinin çıxarılmasında maraqlı olduğunu bildiriblər.
- Məlum olduğu kimi, 2024- cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə regionda yeni reallıqlar yarandı. Dəyişən "oyun qaydaları" bir çox aktor kimi, ABŞ - ı da fərqli addımlar atmağa sövq edir.
- Öncə onu deyək ki, Vaşinqtonla Dəməşq arasındakı tarixi münasibətlər kifayət qədər enişli- yoxuşludur. Belə ki, Suriya 1967-ci ildə ə Ərəb-İsrail müharibəsindən sonra ABŞ ilə diplomatik əlaqələrini kəsib. Münasibətlər 1974-cü ildə bərpa edilib. 1979-cu ildə Suriya ABŞ-nin terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edilir, eyni ildə ona qarşı iqtisadi sanksiyalar tətbiq edib.
- 1990-2001-ci illərdə ABŞ və Suriya bəzi regional mövzularda əməkdaşlıq edir. Ancaq 2003-cü ildə münasibətlər yenidən pisləşib. ABŞ hökuməti dəfələrlə keçmiş prezident Bəşər Əsədi istefaya getməyə və keçid hökuməti qurma imkanı verməyə çağırır. ABŞ-nin Suriya rejiminə qarşı sərt sanksiyaları Avropa, Asiya və Ərəb dünyasındakı ölkələrlə koordinasiyalı şəkildə həyata keçirilir.
- İkitərəfli münasibətlər sistemində ən əsas məqamlardan biri ABŞ qoşunlarının Suriyadakı mövcudluğu ilə bağlıdır.
- ABŞ qoşunlarının müxtəlif illərdə Suriya ərazisinə daxil olmasına dair məlumatlar var. Məsələn, ilk dəfə 2015-ci ildə ABŞ İŞİD terrorçularına qarşı mübarizədə PKK, PYD terrorçularını dəstəkləmək üçün xüsusi təyinatlılarını Suriyaya yerləşdirdiyini bildirmişdi.
- 2019- cu ildə ABŞ Suriyaya əlavə, əhəmiyyətli sayda qoşun göndərmişdi. Əslində ABŞ İŞİD- ə qarşı mübarizə adı ilə uzun illər özünün Suriyadakı təsirini artırıb. Yəni PKK ilə mübarizə əslində ABŞ üçün bəhanədir. Nəzərə almaq lazımdır ki, Türkiyə terrorizmə qarşı mübarizədə ABŞ-dən daha böyük nəticə əldə edib.
- Ümumiyyətlə, rəsmi Ankara dəfələrlə bildirib ki, bir terror təşkilatına qarşı digərini silandırmaqla mübarizə aparmaq olmaz. Bununla bağlı konkret mövqe dəfələrlə Vaşinqtonun da diqqətinə çatdırılıb.
- İndiyədək Suriyadakı ABŞ qoşunları bir neçə əsas məqsədə xidmət edirdi. Birincisi, Rusiyanın regiondakı təsirini balanslaşdırmaq idi. İkincisi, ərazidəki PKK terror təşkilatı vasitəsilə Türkiyəyə təzyiq idi. Üçüncüsü isə ABŞ-nin özünün regiondak təsir imkanlarını gücləndirmək idi.
- Rusiya artıq qoşunlarının xeyli hissəsini bölgədən çıxarıb. Bu baxımdan düşünmək olar ki, ABŞ qoşunlarına da əvvəlki kimi çox ehtiyac yoxdur. Həmçinin Ankara ilə Vaşinqton arasında müəyyən razılığın əldə olunması mümkündür. ABŞ - nin Suriyadan çıxması perspektivdə Türkiyənin terrorla mübarizəsini gücləndirə bilər.
- ABŞ, həqiqətən, Suriyadan qoşunlarını çəkərsə, həmin şəxsi heyətdən başqa istiqamətdə istifadə edə bilər. Bununla belə, qoşunların Suriyadan tamamilə çıxarılacağı ağlabatan görünmür. ABŞ "əlini tamamilə Suriyadan çəkməz". Sadəcə olaraq qoşun qismən azala bilər.
- Kənan Novruzov
15:27 31.01.2025
Oxunuş sayı: 920