Aİİ Ermənistanın üzvlüyünü dondura bilər – Ekspert
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması ilə bağlı mövqeyinə cavab olaraq Avrasiya İqtisadi İttifaqı (Aİİ) da ölkənin üzvlüyünün dondurulması prosesinə başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadçı Nairi Sarkisyan “Sputnik Ermənistan” radiosunun “Abovyan Time” proqramında danışıb.
Ekspertin sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti KTMT-də iştirakın dondurulması prosesini başladıbsa, Aİİ də buna bənzər addım ata bilər.
O bildirib ki, Ermənistanın KTMT-də iştirakı ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyündən ayrı nəzərdən keçirilməməlidir. Onun fikrincə, bu iki qurum bir-birini tamamlayan strukturlardır.
Sarkisyan, həmçinin Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığına diqqət çəkib. O iddia edib ki, ölkə ixrac, pul köçürmələri, yanacaq-energetika və xammal təchizatı sahələrində əsas maliyyə resurslarını Rusiyadan əldə edir.
Qeyd edək ki, iqtisadçının səsləndirdiyi fikirlər ehtimal xarakteri daşıyır. Aİİ-nin Ermənistanın üzvlüyünü dondurmaqla bağlı rəsmi qərar qəbul etdiyi barədə məlumat yoxdur.
00:01 19.11.2026
Oxunuş sayı: 39