Trampın investisiya hesablarında 103 “Nvidia” əməliyyatı aşkarlanıb
ABŞ Prezidenti Donald Trampın investisiya hesabları vasitəsilə "Nvidia" şirkətinin səhmləri üzrə milyonlarla dollarlıq əməliyyatlar həyata keçirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "CNBC" bu barədə məlumat yayıb.
Məlumata görə, Trampın Ağ Evə qayıdışından sonra onun investisiya hesablarında "Nvidia" səhmləri ilə bağlı ən azı 103 alqı-satqı əməliyyatı qeydə alınıb.
Həmin əməliyyatların ümumi dəyərinin 27 milyon dollardan 97,5 milyon dollaradək olduğu bildirilir.
Diqqətçəkən məqamlardan biri Trampın "Nvidia" şirkətinin baş direktoru Censen Huanın (Jensen Huang) Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən şəxslə mümkün əlaqələri barədə məlumatlandırıldığı iddia edilən vaxtdan bir neçə gün sonra baş verən səhm satışıdır.
Məlumata əsasən, həmin əməliyyat çərçivəsində dəyəri 1 milyon dollaradək olan "Nvidia" səhmləri satılıb.
Donald Tramp isə Censen Huanla bağlı sözügedən brifinqdə iştirak etdiyini və ya bu barədə məlumat aldığını inkar edib.
Qeyd edək ki, açıqlanan məbləğlər səhmlərin alqı-satqı əməliyyatlarının dəyərini əks etdirir və Trampın həmin əməliyyatlardan əldə etdiyi mənfəəti göstərmir.
16:53 17.11.2026
Oxunuş sayı: 96