Rusiya nüvə sınaqlarını bərpa etmək niyyətində deyil
Rusiya nüvə sınaqlarını bərpa etmək niyyətində deyil, lakin ABŞ və ya digər ölkələr belə addım atarsa, adekvat cavab tədbirləri görəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Kommersant” nəşrinə müsahibəsində məlumat verib.
Diplomat bildirib ki, nüvə sınaqlarının bərpası ehtimalını tamamilə istisna etmək düzgün olmazdı. Bununla belə, nüvə dövlətləri məsuliyyətli mövqe nümayiş etdirsələr, belə bir ssenarinin qarşısını almaq mümkündür.
Onun sözlərinə görə, dövlətlər könüllü olaraq qəbul etdikləri nüvə sınaqlarına moratoriuma ciddi şəkildə əməl etməlidirlər.
Ulyanov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl ABŞ və ya digər dövlətlərin nüvə sınaqları keçirməsi halında Rusiyanın müvafiq və adekvat cavab tədbirləri görəcəyini bəyan edib.
Diplomat ABŞ-nin Rusiya və Çinə qarşı səsləndirdiyi ittihamlara da münasibət bildirib. O qeyd edib ki, Vaşinqton bu iddiaları ilə bağlı heç bir sübut təqdim etmir. Ulyanovun fikrincə, bunun səbəbi belə sübutların ümumiyyətlə mövcud olmamasıdır.
17:07 15.11.2026
Oxunuş sayı: 142