Ermənistanda 15 əsgərin öldüyü yanğınla bağlı yeni qərar
Ermənistanın Geğarkunik vilayətinin Azat kəndində yerləşən hərbi kazarmada 15 hərbçinin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesində 13 ekspert və həkimin dindirilməsi qərara alınıb.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Qərarı Geğarkunik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Vardan Arutyunyan qəbul edib.
Məlumata görə, zərərçəkmişlərin hüquqi varislərinin vəkili Norik Norikyan məhkəməyə iki vəsatət təqdim edib.
Birinci vəsatətdə hadisə yerinin müvafiq mütəxəssislərin iştirakı ilə mümkün qədər dəqiq şəkildə yenidən canlandırılması tələb olunub.
Vəkil binanın planının, təhlükəsizlik şəraitinin və yanğın zamanı təxliyə imkanlarının ətraflı araşdırılmasının vacibliyini bildirib.
İkinci vəsatətdə isə iş üzrə məhkəmə-tibbi ekspertiza aparmış ekspertlərin və həkimlərin məhkəməyə çağırılaraq dindirilməsi istənilib.
Məhkəmə növbəti iclasda ümumilikdə 13 ekspert və həkimin dindirilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, Ermənistanın Azat kəndində yerləşən hərbi kazarmada baş vermiş yanğın nəticəsində 15 hərbi qulluqçu həyatını itirib.
16:17 13.11.2026
Oxunuş sayı: 89