Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
Sentyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə şairin yaradıcılığına həsr olunmuş bədii-musiqili tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açıb.
O bildirib ki, Türk dünyasının mədəni irsini qoruyan və təbliğ edən beynəlxalq təşkilat olaraq Fond Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamını rəhbər tutaraq dahi şairin həyat və yaradıcılığına həsr edilmiş pyeslərdən ibarət “Xaqani” adlı kitabı nəşrə hazırlayıb.
Aktotı Raimkulova qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu indiyədək Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Məhdimqulu Fəraqi, Mağcan Cumabayev, Alıkul Osmonov, Abay Kunanbayev, Mir Cəlal, Mikloş Radnoti, Çingiz Aytmatov, Oljas Süleymanov və Türk dünyasının bir sıra digər görkəmli ədəbiyyat nümayəndələrinin əsərlərini dünyanın müxtəlif dillərində nəşr edib.
“Dahi şair Xaqani Şirvani qəzəllərinin birində farsca yazsa da, türk olduğunu ifadə edib. Orta əsrlərdə öz milli kimliyini – türk olduğunu fəxrlə dilə gətirən Xaqaninin ədəbi irsini biz də eyni qürurla təbliğ etməliyik və edirik”, – deyə Fondun prezidenti vurğulayıb.
Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Xaqani Şirvaninin irsinə müstəqillik illərində yenidən qayıdış baxımından bu tədbir olduqca əhəmiyyətlidir.
O qeyd edib ki, XII əsrdə yaşayıb-yaratmasına baxmayaraq, Xaqani Şirvani zəngin irsi ilə əbədiyyət qazanmış Azərbaycan ədəbiyyatının görkəmli şair və mütəfəkkirlərindən biridir.
“Xaqani Şirvani Azərbaycanda dövlətçilik ənənələrinin və zəngin mədəni mühitin formalaşdığı bir zamanda yaşayıb-yaradıb. Həyatının mühüm hissəsinin Şirvanşahlar sarayı ilə bağlı olması dövrün ictimai-siyasi və mədəni mənzərəsinin onun yaradıcılığında geniş əksini tapmasına təsir göstərib”, – deyə İsa Həbibbəyli əlavə edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi, şair və yazıçılarımızın irsinin tədqiq və təbliğ olunması ədəbi-mədəni yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Xaqani Şirvaniyə həsr olunmuş pyeslər toplusunun təqdimatı keçirilib, şairin həyat və yaradıcılığını əks etdirən bədii proqram nümayiş olunub.
Proqramda Xaqani Şirvaninin uşaqlıq və gənclik illərindən başlayaraq həyatının müxtəlif mərhələlərini əks etdirən səhnələr təqdim edilib, şairin sözlərinə bəstələnmiş musiqi əsərləri səsləndirilib.
Tədbir çərçivəsində, həmçinin kitab sərgisi təşkil olunub.(Azərtac)
20:46 29.09.2026
Oxunuş sayı: 62