Tokayev orduda islahatlara göstəriş verdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təlimlər zamanı 14 hərbçinin həlak olmasından sonra ölkənin Silahlı Qüvvələrində hərbi islahatların aparılmasına göstəriş verib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Tokayev sentyabrın 27-də müdafiə qurumunun rəhbər heyəti ilə keçirdiyi müşavirədə hərbi islahat planının hazırlanmasını tapşırıb. Sənədin 10 gün ərzində hazırlanması nəzərdə tutulur.
Qazaxıstan Prezidenti orduda idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulmasının vacibliyini bildirib.
“Ordumuz ötən əsrdə ilişib qalıb. Eyni zamanda komandanlıq sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğun tamamilə yenidən qurmaq lazımdır. İslahatın məqsədi yeni modeldə ordu formalaşdırmaqdır”, - Tokayev deyib.
Müşavirə sentyabrın 24-də Manqistau vilayətində keçirilən təlimlər zamanı həlak olan 14 hərbçinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Hadisədən sonra Qazaxıstanda sentyabrın 25-i ümummilli matəm günü elan edilmişdi.
Tokayev həmçinin müdafiə sahəsində dərin transformasiyanın aparılmasını və ordunun rəqəmsal texnologiyalar əsasında yenilənməsini tapşırıb. Hadisədən sonra ölkənin müdafiə naziri də dəyişdirilib.
09:32 28.09.2026
Oxunuş sayı: 40