ABŞ və Çin arasında BÖYÜK RAZILAŞMA - Tramp–Si görüşünün pərdəarxası
Çin lideri Si Cinpin ABŞ-yə dövlət səfəri çərçivəsində Vaşinqtona gedib və bu gün ABŞ Prezidenti Donald Trampla görüşüb. Tərəflərin görüşündə ticarət, süni intellekt, Tayvan və digər regional məsələlərin müzakirə olunacağı gözlənilir. Görüş ABŞ və Çin arasında ticarət və texnologiya sahələrində davam edən fikir ayrılıqları fonunda keçirilir. Tərəflərin əsas gündəmində iki ölkə arasında münasibətlərin sabitləşdirilməsi və mövcud gərginliklərin müzakirəsi dayanır.
Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev ABŞ və Çin arasında rəqabətlə yanaşı, əməkdaşlıq imkanlarının da gündəmdə olduğunu bildirib: “Çin-Amerika gündəmi bu gün həll olunmalı və həll olunmamış məsələlərlə zəngindir. Bu iki ölkənin münasibətləri dünyanın iki böyük dövləti kimi həm çox ciddi rəqabət səviyyəsindədir, həm də əməkdaşlıq üçün yollar axtarışındadır. Bir çox hallarda bu rəqabət hətta müəyyən dərəcədə örtülü qarşıdurmalara da gətirib çıxara bilər. Amma bu gün hiss edilir ki, xüsusilə Amerika rəhbərliyi Çinlə daha çox əməkdaşlıq məsələlərinə meyl edir. Əməkdaşlıq yolu ilə ortada olan müəyyən zəruri məsələləri həll etmək niyyəti hiss olunur”.

Onun sözlərinə görə, tərəflər arasında ticarət məsələlərində yaranmış problemlərin həlli hər iki ölkənin maraqlarına cavab verir: “Amerika ilə Çin arasında ticarət məsələlərində yaranmış problemin həlli bu gün hər iki ölkənin mənafelərinin tələb etdiyi məsələdir. Məlumdur ki, ABŞ-Çin ticarətində qarşılıqlı və yüksək səviyyəli rüsumlar rejimi hökm sürürdü. Amma yanvar ayına qədər qarşılıqlı rüsumların aradan qaldırılması və yaxud icrasının dayandırılması ilə bağlı razılaşma var. Çox güman ki, bu görüşdə ilk növbədə yüksək qarşılıqlı ticarət rüsumları məsələsinə aydınlıq gətiriləcək və onun taleyini həll etməyə çalışacaqlar”.
Aydın Quliyev ABŞ və Çinin bir-birinin məhsullarına ehtiyac duyduğunu da vurğulayıb: “Çinin Amerika bazarında ehtiyacı olan çoxlu mallar var, eləcə də Amerikanın Çinlə ticarətdə ehtiyac hiss etdiyi məhsullar mövcuddur. Amerika Çinin nadir torpaq elementlərinə ehtiyac hiss edir, Çin isə Amerikanın kənd təsərrüfatı məhsullarını almaqda maraqlıdır. Beləliklə, ticarətdə həm qarşılıqlı tələblərin ödənilməsi, həm də qarşılıqlı yüksək rüsumların tətbiqinin daha uzun müddətə təxirə salınması kimi məsələlərin həlli vacibdir”.
Siyasi şərhçi süni intellekt sahəsində də ABŞ və Çin arasında əməkdaşlıq imkanlarının olduğunu bildirib: “Çin və Amerikanın bu gün süni intellekt sahəsində daha çox inkişaf etmək imkanlarına malik olmasını nəzərə alsaq, bu müstəvidə də iki dövlətin əməkdaşlığı bəşəriyyətin məsələsinə çevrilir. Çünki süni intellektin həm inkişafı, həm də xaotik inkişafı bəşəriyyətə mütərəqqi amillərlə yanaşı, bir sıra çətinliklər də gətirə bilər. Bu cəhətdən süni intellekt texnologiyalarının inkişaf etdirilməsi sahəsində ABŞ və Çin arasında rəqabət olmasına baxmayaraq, müəyyən əməkdaşlıq və koordinasiyalı fəaliyyət perspektivləri də mövcuddur”.
Aydın Quliyev hesab edir ki, ABŞ-Çin münasibətlərində mümkün razılaşmalar daha geniş geosiyasi məqsədlərlə də əlaqəli ola bilər: “Hiss olunur ki, Amerika Çini daha hərtərəfli əməkdaşlıq müstəvisinə çəkməklə, Çin-Rusiya və Çin-İran münasibətlərini də müəyyən dərəcədə səngitməyə çalışır. Bunların geosiyasi müstəvidə pərdəarxası niyyətlərinin Amerika üçün baş tutub-tutmayacağını söyləmək çətindir. Amma ticarət müstəvisində müəyyən razılaşmalar bu iki dövlətin münasibətlərində yeni səhifə aça bilər”.
Nigar Xəlilli
18:00 24.09.2026
Oxunuş sayı: 44