Azərbaycan-Türkiyə müttəfiqliyi: Regionun təhlükəsizlik xəritəsini dəyişən əməkdaşlıq
Azərbaycan-Türkiyə münasibətləri siyasi, təhlükəsizlik, enerji, nəqliyyat və humanitar əlaqələri əhatə edən çoxşaxəli əməkdaşlıq modeli ilə xarakterizə olunur. Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən iki ölkə arasındakı əlaqələrin bu sahələr üzrə sıx əməkdaşlığa əsaslandığını bildirib.
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin hüquqi əsaslarından biri 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsidir. Hazırda isə TDT çərçivəsində təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi də gündəmdədir. Bakıda keçirilən toplantıda terrorçuluq, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müxtəlif sahələrdə əməkdaşlıqla müşayiət olunduğunu bildirib.
“Azərbaycan və Türkiyənin qardaşlığı, dostluğu, müttəfiqliyi cəmiyyətin istəyidir. Hər bir vətəndaşın istəyidir. Bu, qardaşlıq nümunəsidir və cənab Prezident bu gün cəmiyyətin istəyini apardığı uğurlu siyasətlə reallaşdıra bilir. İki dövlət arasında olan münasibətlər bu gün müttəfiq və dost olmaq istəyən istənilən dövlət üçün bir nümunədir”, - deyə deputat qeyd edib.
Aydın Mirzəzadə iki ölkə arasında əməkdaşlığın bütün sahələri əhatə etdiyini vurğulayıb: “Elə bir sahə yoxdur ki, orada biz əməkdaşlıq etməyək. Bütün məsələlərdə bir-birimizin yanında olmuşuq, bir-birimizə dəstək olmuşuq və bundan sonra da belə olacaq. Bizim dostluğumuz və müttəfiqliyimiz bu gün regionda sülhün, əmin-amanlığın təmin edilməsində böyük rol oynayır”.
Deputat enerji və iqtisadi sahələrdə əməkdaşlığın əhəmiyyətinə də toxunub: “Türkiyədən keçən Azərbaycan neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rol oynayır. Türkiyəyə qoyulan investisiya Türkiyənin ixrac imkanlarını artırır və digər ölkələrlə sıx iqtisadi əlaqələrinə əlavə bir töhfə verir. Türkiyə iş adamları Azərbaycana böyük investisiya qoyurlar. İşğaldan azad olunan ərazilərdə bir çox Türkiyə şirkətləri işləyirlər”.
Aydın Mirzəzadə Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində göstərdiyi dəstəyə də diqqət çəkib: “Türkiyənin Azərbaycanı bütün səviyyələrdə dəstəkləməsi torpaqlarımızın işğaldan azad edilməsində bizə çox böyük mənəvi bir dəstək oldu. Bütün sahələr üzrə əməkdaşlığımız var. Birlikdə eyni mövqedən çıxış edirik. Eyni zamanda bizim dostluğumuz bu gün Türk dünyasının dostluğunun rəhnini təşkil edir və digər Türk dövlətləri də ümumən Türk dünyasını möhkəmləndirməyə çalışırlar. Bizim dostluğumuz əbədidir və bundan sonra da belə olacaq”.
Nigar Xəlilli
20:40 18.09.2026
Oxunuş sayı: 50