Türk dünyasının təhlükəsizlik qalxanı formalaşır: Azərbaycan ön planda
Dünyada geosiyasi gərginliklərin artması, yeni münaqişə ocaqlarının yaranması, kibertəhdidlərin genişlənməsi və digər təhlükəsizlik problemlərinin aktuallaşması dövlətlər arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini zəruri edir. Xüsusilə ortaq tarixi, mədəni və strateji bağlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında təhlükəsizlik məsələləri üzrə koordinasiyanın artırılması, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə təhlükəsizlik çağırışları yalnız ənənəvi hərbi təhdidlərlə məhdudlaşmır. Kiberhücumlar, informasiya təhlükəsizliyi, transsərhəd cinayətkarlıq, terrorizm və digər risklər dövlətlərin milli təhlükəsizlik gündəliyində xüsusi yer tutur. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, üzv ölkələrin potensialının bir araya gətirilməsi və qarşılıqlı dəstək imkanlarının artırılması diqqət çəkən məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyev də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq gündəliyin müəyyənləşdirilməsinin, üzv ölkələr arasında həmrəyliyin möhkəmləndirilməsinin və birgə fəaliyyətin vacibliyini vurğulayıb. Dövlət başçısının yanaşmasına əsasən, dəyişən geosiyasi reallıqlar fonunda türk dövlətləri arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində inkişaf etdirilməsi təşkilatın qarşısında duran mühüm məsələlərdən biridir.
Mövzu ilə bağlı Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının baş katibi Azər Allahverənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi müasir dövrün əsas tələblərindən biridir: “Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi bu günün tələbidir. Təcrübə və müşahidələr göstərir ki, indiki təlatümlü dövrdə təşkilata üzv ölkələrin hər biri ayrı-ayrılıqda, bəzi hallarda isə qrup şəklində müxtəlif təhlükə və təhdidlərlə üz-üzə qala bilər. İnformasiya müharibəsindən dini ekstremizmə, radikal terror təşkilatlarından transmilli mütəşəkkil cinayətkarlığa, kibertəhlükəsizlikdən digər məsələlərə qədər bir çox amil təhlükəsizlik məsələlərini aktuallaşdırır. Türk Dövlətləri Təşkilatının gündən-günə güclənən siyasi təsisat kimi böyük bir arealda yeni geosiyasi konfiqurasiya formalaşdırması təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini daha da artırır. Qonşu bölgələrdə və regionlarda baş verən ciddi siyasi kataklizmlər, o cümlədən hərbi münaqişələr yeni təhlükələrin yaranmasına səbəb olur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki proseslər, ABŞ-İran və Hindistan-Pakistan qarşıdurmaları müxtəlif formalarda Türk dünyasına da təsir göstərir. Bu təsirlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr qarşısında yeni çağırışlar formalaşdırır”.
Deputat qeyd edib ki, bu çağırışların əsasını təhlükəsizlik məsələləri təşkil edir: “Dünyada gedən proseslərə və beynəlxalq platformalarda keçirilən görüşlərə nəzər yetirdikdə, təhlükəsizliyin çoxşaxəli xarakter daşıdığını görürük. İqtisadi təhlükəsizlik, konfessiyalararası münasibətlər və sivilizasiyalararası toqquşmalar da təhlükəsizlik sisteminə bu və ya digər formada təsir göstərir. Bu, Türk Dövlətləri Təşkilatının təhlükəsizlik arxitekturasının yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasına ciddi ehtiyac olduğunu göstərir. Nəticə etibarilə, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi regional sabitliyə müsbət təsir göstərə biləcək mühüm prosesdir. Türk dövlətləri arasında keçirilən birgə hərbi təlimlərə gəldikdə isə qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı platformasında, xüsusilə Qəbələdə keçirilən qeyri-rəsmi Zirvə toplantısında Prezident İlham Əliyevin təhlükəsizlik məsələsi ilə bağlı səsləndirdiyi fikirlər mövcud çağırışlara adekvatdır. Hərbi təlimlərin keçirilməsi, il ərzində bir neçə təlimin təşkil olunması, səhv etmirəmsə, Türk Dövlətləri Təşkilatı platformasında 30-dan çox hərbi təlimin keçirilməsi barədə məlumatın olması bu istiqamətdə əməkdaşlığın miqyasını göstərir. Lakin burada koordinasiyalı fəaliyyətin təmin edilməsi, vahid mərkəzdən idarəetmə imkanlarının yaradılması, çevik hərbi birləşmələrin formalaşdırılması, eləcə də müxtəlif təhlükələrə adekvat cavab verə biləcək struktur bölmələrinin yaradılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə keçirilən hərbi təlimlər zamanı qazanılan bacarıqların və artırılan peşəkarlığın da mühüm rolu var. Bütün bunlar təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə, vahid platformadan çıxışın təmin olunmasına və təlimlər zamanı əldə edilən bacarıqların daha da inkişaf etdirilməsinə xidmət edir. Bu addımlar Türk Dövlətləri Təşkilatının təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlib".
Deputat bildirib ki, lakin bu prosesin təməlində də çox ciddi işlərin həyata keçirilməsinə ehtiyac var: "Hazırda təhlükəsizlik və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur. Son qərarlara əsasən, Türk Dövlətləri Təşkilatı platformasında “Türkpol”un yaradılması da bu istiqamətdə atılan addımlardan biridir. İnterpol formatına uyğun bu təsisat hüquq-mühafizə orqanları arasında koordinasiyanın daha intensiv həyata keçirilməsinə imkan yaradır. Eyni yanaşmanın təhlükəsizlik müstəvisində də tətbiq olunması, müxtəlif təhdidlərə adekvat cavab verə biləcək mexanizmlərin qurulması müsbət nəticələr verə bilər. Gələcəkdə bu istiqamətdə atılacaq addımların da müsbət nəticələr verəcəyini gözləyirəm. Bu, nəticə etibarilə Türk Dövlətləri Təşkilatının təhlükəsiz və dayanıqlı inkişafını təmin edə biləcək mühüm nailiyyət olacaqdır”.
Nuray Mehtiyeva
20:00 17.09.2026
Oxunuş sayı: 60