Türkiyəlilər dostunu seçdi: Azərbaycan zirvədə
Türkiyədə keçirilən “ASAL Araştırma” sorğusu Azərbaycanla bağlı ictimai rəydə müsbət münasibətin yüksək olduğunu göstərib. 5-10 avqust tarixlərində 26 vilayətdə 18 yaşdan yuxarı 2 min nəfərin iştirakı ilə keçirilən sorğuda respondentlərin 56,5 faizi Azərbaycanı Türkiyənin ən dost ölkəsi hesab edib. Azərbaycanı 50,2 faizlə Yaponiya, 48 faizlə Çin izləyib. Sorğunun nəticələri Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi və diplomatik əlaqələrlə deyil, cəmiyyətlərarası münasibətlər baxımından da yüksək qiymətləndirildiyini göstərir. Bu göstərici iki ölkə arasında tarixi, mədəni və sosial bağların Türkiyə ictimaiyyətindəki əks-sədasını ortaya qoyur.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlamasında Azərbaycanın Türkiyədə “ən dost ölkə” seçilməsinin iki ölkə arasında münasibətlərin cəmiyyət səviyyəsində də yüksək dəstəyə malik olduğunu göstərdiyini bildirib. Deputat qeyd edib ki, bu nəticənin arxasında bir neçə amil dayanır: “İlk növbədə, Azərbaycan və Türkiyə münasibətlərinin tarixi, dil və mədəni yaxınlıq üzərində qurulması “bir millət, iki dövlət” anlayışının ictimai şüurda da qarşılıq tapmasına şərait yaradıb. Digər tərəfdən, son illərdə siyasi və hərbi-strateji əməkdaşlığın genişlənməsi, Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyə cəmiyyətindən gördüyü açıq mənəvi-siyasi dəstək və sonrakı dövrdə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi qarşılıqlı yaxınlığı daha görünən edib”.
Deputatın sözlərinə görə, bu, yalnız son dövrə aid tendensiya deyil: “Türkiyədə əvvəlki illərdə aparılmış ictimai rəy araşdırmalarını təhlil edən akademik mənbələrdə də Azərbaycan 2013–2020-ci illər ərzində ardıcıl olaraq Türkiyənin “dost ölkələri” sırasında birinci yerdə göstərilib. Bu davamlılıq Azərbaycan–Türkiyə münasibətlərinin siyasi maraqlardan daha geniş ictimai və emosional bazaya əsaslandığını göstərir”.
Tənzilə Rüstəmxanlı vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərin xalqlar səviyyəsində də yüksək dəstəyə malik olması strateji tərəfdaşlığın davamlılığı baxımından əhəmiyyətlidir: “Nəticə etibarilə, Azərbaycanın Türkiyədə “ən dost ölkə” seçilməsi göstərir ki, Bakı–Ankara münasibətlərinin ən mühüm üstünlüklərindən biri onların yalnız dövlətlərarası deyil, xalqlararası münasibət xarakteri daşımasıdır. Hakimiyyətlər və siyasi şərait dəyişə bilər, lakin münasibətlərin cəmiyyət səviyyəsində belə yüksək dəstəyə malik olması strateji tərəfdaşlığın uzunmüddətli davamlılığı üçün mühüm təminatdır”.
Nigar Xəlilli
20:30 15.09.2026
Oxunuş sayı: 52