Ukraynanın əks hücum əməliyyatları niyə uğurlu olmur?
Donbasın Slavyansk və Pokrovsk istiqamətlərində döyüşlər davam edərkən, Ukrayna qüvvələrinin bəzi mövqelərdə irəliləyiş əldə etdiyi bildirilir. Müharibənin Öyrənilməsi İnstitutunun təhlilinə görə, Slavyanskın şərqindəki Ozernoye ərazisində və Pokrovsk istiqamətində qeydə alınan hərəkətlilik Ukrayna tərəfinin müəyyən mövqeləri geri qaytardığını göstərir.
Bununla yanaşı, Rusiya qüvvələri Ukraynanın bölgədəki logistika imkanlarını zəiflətməyə çalışır. Avqustun 15-də Slavyanskda Kazennıy Torets çayı üzərindəki piyada körpüsünün idarə olunan aviabomba ilə vurulması nəticəsində onun bir hissəsi dağılıb. ISW körpülərə zərbələrin artmasını Rusiyanın bölgədə mümkün yeni hücum əməliyyatlarına hazırlığı ilə əlaqələndirir.
Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlamasında Ukraynanın bu il ərzində Rusiya ilə müharibədə əldə etdiyi ərazi uğurlarını və cəbhədəki son vəziyyəti dəyərləndirib. O, Ukraynanın itirdiyindən daha çox ərazi azad etməsini müsbət hal kimi qiymətləndirsə də, bunun müharibənin ümumi gedişatında hələlik ciddi dəyişiklik yaratmadığını bildirib:
"Ukrayna bu il ərzində təxminən 745 kvadrat kilometr ərazini Rusiya işğalından azad edib. Amma bundan iki dəfə az ərazini də itirib. Yəni Rusiya tərəfindən bundan iki dəfə az ərazi işğal olunub. Bu isə zaman və müharibənin miqyası baxımından kifayət qədər kiçik rəqəmlərdir. Amma hər bir halda Ukraynanın itirdiyindən daha çox ərazi azad etməsi müsbət addımdır. Digər tərəfdən isə Ukrayna müharibəni Rusiyanın dərinliyinə doğru daşıya bilib".

Ekspertin sözlərinə görə, havada çoxsaylı dronların istifadəsi tərəflərin genişmiqyaslı quru əməliyyatları keçirməsini çətinləşdirir. Bu amil hərbi texnikanın və digər vasitələrin hərəkətinə də ciddi təsir göstərir:
"Ən mühüm olanı isə havada mövcud olan və döyüş vəzifələrini yerinə yetirən dronların kifayət qədər çox sayda olmasıdır. Bu həm Ukraynaya, həm də Rusiyaya genişmiqyaslı quru əməliyyatları keçirməyə imkan vermir. Digər tərəfdən isə texnikaların və xüsusi vasitələrin hərəkəti də kifayət qədər ciddi problemlərlə qarşılaşır".
Ə.Verdiyev Ukrayna qüvvələrinin Slavyansk və Pokrovsk istiqamətlərindəki irəliləyişinə də toxunaraq, bunu müəyyən taktiki dəyişiklik kimi qiymətləndirib:
"Ukrayna qüvvələrinin Slavyansk və Pokrovsk istiqamətindəki irəliləyişini ciddi bir dəyişiklik kimi qəbul edə bilərik. Amma bu, müharibə miqyasında böyük dəyişikliklərə gətirib çıxarmayacaq. Çünki quru qoşunlarının havadan müdafiə olunmaması Ukraynaya genişmiqyaslı əks-hücum əməliyyatları keçirməyə imkan vermir".
Hərbi ekspert hesab edir ki, Ukraynanın son uğurları daha çox taktiki xarakter daşıyır və genişmiqyaslı əks-hücum üçün kifayət qədər imkan yaratmır:
"Ukraynanın son hücumları, uğurlu əks-hücumları taktiki xarakter daşıyır. Bunlar genişmiqyaslı əks-hücum üçün imkan yaratmır".
Nigar Xəlilli
12:15 17.08.2026
Oxunuş sayı: 60