13 milyon illik sirr açıldı: Onu “vampir” adlandırıblar
Şimali Amerikada 13 milyon il əvvəl yaşamış, qeyri-adi diş quruluşuna görə “vampir dəvə” adlandırılan qədim heyvan növünün qalıqları araşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDirect”də elmi araşdırma dərc olunub.
Kaliforniya Politexnik Universitetinin alimləri müəyyən ediblər ki, təxminən 13 milyon il əvvəl Şimali Amerikanın savannalarında uzun ayaqları və qeyri-adi dişləri olan dəvələr yaşayıb.
"Vampyrocamelus welshi" adlandırılan bu növün erkək fərdlərinin uzunluğu təxminən 5 santimetrə çatan, içəriyə doğru əyilmiş köpək dişləri olub. Bu dişlər görünüşünə görə bıçağı xatırladıb. Heyvanın iti kiçik azı dişləri də diqqət çəkib.
Tədqiqatçılar Nyu-Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində saxlanılan qədim dəvə fosillərini araşdırarkən bu növ haqqında yeni məlumatlar əldə ediblər. Ümumilikdə kolleksiyada qədim dəvələrə aid təxminən 20 min nümunə var.
Alimlərin ehtimalına görə, erkək fərdlər qeyri-adi köpək dişlərindən dişilər uğrunda mübarizədə istifadə ediblər. Bu davranış müasir dəvələrdə də müşahidə olunur. Digər ehtimala əsasən, iti dişlər qədim savannalarda yaşayan yırtıcılardan qorunmağa kömək edib. Lakin onların dəqiq funksiyası hələ müəyyənləşdirilməyib.
Araşdırmaya görə, Vampyrocamelus bədən quruluşuna görə zürafəni xatırladıb və ehtimal ki, hündür ağacların yarpaqları ilə qidalanıb.
Qeyd edək ki, dəvələrin ilk əcdadları təxminən 46 milyon il əvvəl Şimali Amerikada meydana çıxıb. Milyon illər ərzində bu qitə dəvəkimilərin müxtəlif növləri üçün əsas yayılma mərkəzlərindən biri olub. Həmin dövrdə onların arasında həm kiçik və sürətli, həm də çiyin hündürlüyü 4 metrə çatan nəhəng növlər mövcud olub.
23:58 16.11.2026
Oxunuş sayı: 43