ABŞ-də bank böhranı: Nəhəng maliyyə qurumlarının sistemləri çökdü
ABŞ-də bir sıra iri bankların onlayn xidmətlərində ciddi texniki problemlər yaranıb. Müştərilər bank hesablarına daxil olmaqda və rəqəmsal xidmətlərdən istifadə etməkdə çətinlik çəkiblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 16-da “JPMorgan Chase”, “Bank of America”, “U.S. Bank”, “Wells Fargo” və digər maliyyə qurumlarının müştəriləri xidmətlərdə fasilələrlə üzləşiblər.
Eyni zamanda ödəniş platforması “Zelle” ilə bağlı da problemlər qeydə alınıb.
“Downdetector” platformasında istifadəçilər tərəfindən çoxsaylı nasazlıq bildirişləri daxil olub. Xüsusilə “JPMorgan Chase” müştəriləri hesablara giriş və bəzi əməliyyatların həyata keçirilməsi ilə bağlı çətinliklər yaşayıblar.
“Chase” bankı yaranmış problemlə bağlı açıqlama verərək bəzi əməliyyatların adi vaxtdan daha uzun çəkdiyini təsdiqləyib. Bank texniki nasazlığın aradan qaldırılması üzərində işlədiyini bildirib.
İlkin məlumatlarda problemlərin kiberhücum nəticəsində yarandığını təsdiqləyən sübutların olmadığı qeyd edilir. Nasazlıqların ümumi səbəbi və miqyası isə hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, ABŞ-də bank xidmətlərindəki problemlər ölkədə son günlər baş verən digər texniki nasazlıqlar fonunda diqqət çəkib. Bir neçə gün əvvəl “Microsoft” sistemlərində yaranan genişmiqyaslı fasilə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin fəaliyyətinə təsir göstərmişdi.
23:46 16.11.2026
Oxunuş sayı: 50