Rusiya niyə Avropanı danışıqlardan kənarda saxlamaq istəyir? - RƏY
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində mümkün danışıqlar fonunda Moskvanın Avropa İttifaqını prosesdən kənarda saxlamaq istəyi diplomatik müzakirələrin əsas mövzularından birinə çevrilib. Rusiya danışıqların daha məhdud formatda aparılmasına üstünlük versə də, Avropanın bu müharibənin taleyindəki siyasi, iqtisadi və təhlükəsizlik rolunu nəzərə almamaq mümkün deyil. Bəs Moskva Avropanı danışıqlar masasından kənarda saxlamaqla hansı nəticələrə nail olmağa çalışır? Avropa İttifaqının iştirakı olmadan əldə ediləcək razılaşma nə dərəcədə dayanıqlı ola bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Nigar Allahverdiyeva qeyd edib ki, Rusiyanın Avropa İttifaqını danışıqlardan kənarda saxlamaq istəyi diplomatik hesablamalara əsaslanır: “Moskva yaxşı anlayır ki, danışıqlar masasında hər yeni iştirakçı yeni maraq, yeni tələb və yeni şərt deməkdir. Rusiya isə mümkün qədər az tərəflə danışıb, daha çox nəticə əldə etməyə çalışır. Məsələnin digər tərəfi Avropanın özüdür. Ukraynada gedən müharibə Avropanın sərhədlərindən kənarda baş versə də, onun siyasi, iqtisadi və təhlükəsizlik nəticələri birbaşa Avropanın gələcəyini müəyyənləşdirir. Brüssel bu prosesdə sadəcə müşahidəçi deyil. Sanksiyalar, maliyyə yardımları və gələcək təhlükəsizlik təminatları Aİ-nin əlində mühüm təsir vasitələridir”.

Ekspert qeyd edib ki, Moskva Avropanı danışıqlar masasından uzaq tuta bilər, lakin qəbul ediləcək qərarların nəticələrindən və icrasından kənarlaşdıra bilməz: “Diplomatiyada masada əyləşməmək heç də söz sahibi olmamaq demək deyil. Burada bir həqiqəti də nəzərə almalıyıq: sülh sazişini imzalamaqla sülhü təmin etmək eyni məsələ deyil. İmzaların atılması diplomatik prosesin bir mərhələsidir. Həmin razılaşmanın işləməsi isə siyasi iradə, qarşılıqlı öhdəliklər və real təminat mexanizmləri tələb edir. Rusiya danışıqlar masasındakı stulların sayını azalda bilər. Avropanın bu müharibənin nəticələrindəki siyasi çəkisini isə həmin stulları azaltmaqla kiçildə bilməz”.
Ayhan
13:00 16.11.2026
Oxunuş sayı: 103