Bu imtahanının nəticələri AÇIQLANDI – 827 nəfər...
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 9-da rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib.
Crossmedia.az xəbər verir ki,imtahan ilk dəfə elektron formada təşkil olunub. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 saylı orta məktəbdə keçirilib.
İmtahanı başa çatdıran və ya ayrılmış vaxtı tamamlanan namizədlər nəticələri dərhal ekranda görmək imkanı əldə ediblər. İmtahan nəticələrinin DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcəyi bildirilib.
İmtahanda iştirakı gözlənilən 996 namizəddən 5 nəfər iştirak etməyib. Namizədlərdən 827 nəfəri ixtisas fənləri üzrə 50 və daha yuxarı bal toplayaraq müsabiqə şərtini ödəyib və ixtisaslaşma seçiminə buraxılıb.
Rezidenturaya qəbul olmaq istəyən və müsabiqə şərtini ödəyən namizədlər avqustun 12-dən 16-dək ixtisas seçimi edə biləcəklər.
Namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölməsindən seçərək təsdiqləməlidirlər.
Jurnalın 3-cü nömrəsində həmçinin “Namizədin elektron ərizəsi”ndə ixtisas seçiminin aparılması və təsdiqlənməsi ilə bağlı təlimat, elektron ərizə formasının nümunəsi, qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc olunub.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyən namizədlər avqustun 11-12-də saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.
Bunun üçün namizədlər şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına və ya regional bölmələrinə yaxınlaşaraq ərizə yazmalıdırlar.
18:27 09.08.2026
Oxunuş sayı: 51