Yasamalda "Araz" marketlə bağlı narazılıq - Qanunlara əməl olunmur
Səkilər piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Lakin bəzi hallarda bu qaydalara əməl olunmur və piyadaların hərəkətinə maneələr yaradılır. Belə hallardan biri paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində müşahidə olunub.
Bu barədə Crossmedia.az-ın qaynar xəttinə foto göndərilib. Şəkildə küçədə yerləşən "Araz" marketə məxsus yük avtomobili anbara yaxınlaşmaq məqsədilə səkini zəbtdiyi aydın əks olunub. Avtomobil eyni zamanda yolun hərəkət hissəsinin bir hissəsini də tutaraq digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Redaksiyamıza bildirilib ki, bu hal demək olar ki, hər gün təkrarlanır. Nəticədə piyadalar səkidən istifadə edə bilmədikləri üçün məcbur qalaraq avtomobillərin hərəkət etdiyi hissəyə çıxırlar ki, bu da onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, belə hallar təkcə piyadaların hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarına açıq şəkildə ziddir. Sürücülər malların boşaldılması və ya yüklənməsi bəhanəsi ilə səkiləri və hərəkət zolaqlarını zəbt etməməli, digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almalıdırlar.
Xatırladaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin dayanma və ya durma qaydalarının pozulmasına görə sürücü 20 manat məbləğində cərimə edilir. Səlahiyyətli qurumların bu kimi hallara operativ reaksiya verməsi və qanunvericiliyin tələblərinə uyğun tədbir görməsi vacibdir.
Məhəbbət Tərlanoğlu
16:30 06.08.2026
Oxunuş sayı: 177