Süni intellekt hakimləri də əvəz etdi
Süni intellekt artıq təkcə texnologiya və biznes sahəsində deyil, hüquq sistemində də yeni imkanlar yaradır. Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Məhkəmə Departamentinin 2026-cı ilin sentyabrından süni intellekt əsaslı məhkəmə platformasını tətbiq edəcəyini açıqlaması bu istiqamətdə müzakirələri daha da aktuallaşdırıb. Yeni sistemin məhkəmə proseslərini sürətləndirəcəyi, hüquqi sənədlərin emalını asanlaşdıracağı və məhkəmə təcrübəsinin təhlilini operativləşdirəcəyi bildirilir. Bununla yanaşı, əsas sual dəyişməz qalır: süni intellekt gələcəkdə hakim və hüquqşünasları əvəz edə bilərmi? Mütəxəssislər hesab edirlər ki, texnologiya hüquq sistemində mühüm köməkçi rol oynasa da, insan amilini tam əvəz etməsi mümkün görünmür.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquq elmləri doktoru Əlövsət Allahverdiyev bildirib: “Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Məhkəmə Departamentinin 2026-cı ilin sentyabrından etibarən süni intellekt əsaslı məhkəmə platformasını tətbiq etməsi hüquq sahəsində mühüm yeniliklərdən biri hesab olunur. Bu sistem məhkəmə proseslərinin sürətləndirilməsi, sənədlərin avtomatik emalı, hüquqi araşdırmaların asanlaşdırılması və oxşar məhkəmə qərarlarının daha operativ təhlili baxımından səmərəliliyi artıra bilər. Bununla belə, süni intellektin hakim və hüquqşünasları tam şəkildə əvəz etməsi yaxın gələcəkdə real görünmür. Çünki məhkəmə qərarları yalnız qanun maddələrinin tətbiqindən ibarət deyil. Hakimlər sübutları qiymətləndirir, şahidlərin etibarlılığını müəyyən edir, tərəflərin davranışını nəzərə alır və hüququn ruhuna uyğun qərar qəbul edirlər. Bu isə insan təcrübəsi, etik yanaşma və mühakimə qabiliyyəti tələb edir. Süni intellekt hüquqşünasların da bir sıra işlərini asanlaşdıra bilər. Müqavilələrin hazırlanması, hüquqi sənədlərin tərtibi, qanunvericiliyin təhlili və məhkəmə təcrübəsinin araşdırılması kimi işlərdə yüksək səmərəlilik nümayiş etdirə bilər. Lakin müştərinin maraqlarını müdafiə etmək, danışıqlar aparmaq, məhkəmədə çıxış etmək və hüquqi strategiya qurmaq kimi vəzifələr hələ də insan faktorundan asılıdır. Nəticə etibarilə, süni intellekt hüquq sistemində mühüm köməkçi vasitəyə çevriləcək, lakin hakim və hüquqşünasların tam əvəzlənməsi gözlənilmir. Ən uğurlu model süni intellektin insan mütəxəssislərlə birlikdə işlədiyi, qərarların isə son məsuliyyətinin insan hakimdə qaldığı model hesab olunur.”

İT eksperti Elvin Abbasov isə qeyd edib: “Süni intellekt əsaslı elektron məhkəmə deyəndə bu yanaşma bir az düzgün qoyulmur. Düşünürəm ki, süni intellekt orada hər hansı bir məlumatın sürətli emalında iştirak edir və ya prosesləri qısaldır. Məhkəmə ümumiyyətlə insan faktoru ilə həll olunan bir amildir. Yəni süni intellekt insan taleyini həll etməyəcək. Sadəcə hakim üçün daha əlverişli bir alətdir ki, lazım olan mənbələrə və ya cinayətin tərkib hissəsindəki bəzi motivlərə daha sürətli əlçatanlıq təmin olunsun. Çünki Azərbaycanda bu proses artıq işləyir. Azərbaycanda elektron məhkəmə sistemi mövcuddur və elektron sistemlərdə artıq süni intellekt tətbiq olunur".
Zeynəb Həsən
17:00 06.08.2026
Oxunuş sayı: 59