ChatGPT ilə sirr bölüşmüyün - sızdıra bilər
ChatGPT və digər süni intellekt platformalarında son dövrlərdə müşahidə olunan texniki fasilələr bu xidmətlərin dayanıqlılığı və məlumat təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Sentyabrın 3-də ChatGPT, Claude və Grok kimi böyük AI platformalarında eyni vaxtda genişmiqyaslı problemlər qeydə alınıb. OpenAI ChatGPT və Codex-də artan xəta hallarını təsdiqləyib, sonradan xidmətlərin bərpa olunduğunu açıqlayıb.
İKT mütəxəssisi Vüsal Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, xidmətin dayanması ilə məlumat sızmasını bir-birindən ayırmaq vacibdir:
“Xidmətin dayanmasına serverlərin həddindən artıq yüklənməsi, proqram təminatındakı xəta, konfiqurasiya dəyişikliyi, məlumat bazası və ya bulud infrastrukturunda yaranan problem kimi müxtəlif texniki səbəblər gətirib çıxara bilər. Məsələn, OpenAI-nin açıqladığı bəzi son insidentlər məhz infrastruktur, konfiqurasiya və sistem tutumu ilə bağlı problemlərdən qaynaqlanıb. Məlumat sızması isə təhlükəsizlik baxımından fərqli hadisədir. Burada söhbət icazəsiz şəxsin istifadəçi məlumatlarına çıxış əldə etməsindən gedir. Buna görə hər dəfə ChatGPT işləmədikdə və ya cavab vermədikdə istifadəçi məlumatlarının təhlükəyə düşdüyünü düşünmək doğru olmaz”.
V.Abbasov qeyd edib ki, geniş istifadəçi bazasına malik onlayn platformalarda kibertəhlükəsizlik riskləri tamamilə istisna edilə bilməz:
“Xüsusilə autentifikasiya sistemləri, məlumat bazaları və üçüncü tərəf xidmətlərindəki zəifliklər potensial risk mənbəyi ola bilər. Ona görə də belə sistemlərdə texniki dayanıqlılıqla yanaşı, məlumatların şifrələnməsi, girişə nəzarət, davamlı təhlükəsizlik monitorinqi və insidentlərə operativ reaksiya mühüm əhəmiyyət daşıyır”.
Mütəxəssis istifadəçilərə də həssas məlumatlarla bağlı ehtiyatlı olmağı tövsiyə edib:
“Əsas prinsip belə olmalıdır: süni intellekt platformalarına parol, bank kartı məlumatları, məxfi iş sənədləri və digər həssas şəxsi məlumatları daxil etməmək daha təhlükəsiz yanaşmadır. Yəni ChatGPT-nin çökməsi avtomatik olaraq məlumat sızması demək deyil, lakin hər bir bulud əsaslı rəqəmsal xidmətdə olduğu kimi, məlumat təhlükəsizliyi riski tamamilə istisna edilə bilməz”.
Nigar Xəlilli
19:30 04.09.2026
Oxunuş sayı: 52