Körpü uğrunda çətin sınaq - Sakinlər kömək gözləyir - ŞİKAYƏT
Yol mədəniyyətdir. İnkişafın, rifahın və insanların rahat həyatının göstəricilərindən biridir. Ölkəmizdə, xüsusilə də ucqar rayonlarda yol infrastrukturunun yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu məqsədlə dövlət başçısı tərəfindən mütəmadi qərarlar qəbul edilir, həmin qərarlara uyğun olaraq müxtəlif yol və körpü layihələri icra olunur.
Belə layihələrdən biri də Lerik rayonunun Hamarmeşə kəndində həyata keçirilir. Bir neçə kəndi birləşdirən və Lənkəran çayı üzərində yerləşən körpü yenilənir. Bu yol təkcə Hamarmeşə kəndinin deyil, ətraf kəndlərin sakinlərinin də əsas gediş-gəliş marşrutudur. Eyni zamanda, Hamarmeşə kəndinin çayın digər sahilində yaşayan sakinləri də gündəlik olaraq məhz bu yoldan istifadə edirlər. Hazırda köhnə körpü sökülüb, ərazidə tikinti və təmir işləri davam edir.
Lakin görülən işlər sakinləri çətin vəziyyətə salıb. Bu barədə Crossmedia.az-ın qaynar xəttinə çoxsaylı müraciətlər daxil olub. Sakinlərin sözlərinə görə, körpü söküldükdən sonra nəqliyyatın hərəkəti üçün çayın üzərindən müvəqqəti yol təşkil edilib. Ancaq həmin yolun vəziyyəti son dərəcə bərbaddır. Yol palçıq içində olduğundan, xüsusilə minik avtomobilləri oradan böyük çətinliklə keçə bilir. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır və hərəkət demək olar ki, mümkünsüz olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Quruma vəziyyət barədə məlumat verdikdən sonra əraziyə yenidən baxış keçirilib. Lakin sakinlərin sözlərinə görə, bu baxış yolda heç bir real dəyişiklik yaratmayıb və problem hələ də aradan qaldırılmayıb.
Sakinlər bildirirlər ki, çıxılmaz vəziyyətə düşdükləri üçün yolu öz imkanları hesabına müəyyən qədər düzəltməyə çalışıblar. Lakin texnika və lazımi avadanlıq olmadığından gördükləri işlər problemi həll etməyə kifayət etmir.
Körpünün yenilənməsi, əlbəttə, vacib və təqdirəlayiq layihədir. Ancaq tikinti müddətində insanların gündəlik hərəkətinin təhlükəsiz və rahat şəkildə təmin olunması da eyni dərəcədə vacibdir. Bir neçə kəndin və Hamarmeşə kəndinin çayın digər sahilində yaşayan sakinlərinin istifadə etdiyi bu yolun müvəqqəti də olsa yararlı vəziyyətdə saxlanılması aidiyyəti qurumun məsuliyyətidir. Mövcud vəziyyət isə sakinlər üçün ciddi narahatlıq yaradır və problemin operativ həllini zəruri edir.
16:10 06.08.2026
Oxunuş sayı: 79