15 yaşlı yeniyetməyə 100 il həbs cəzası verildi
ABŞ-nin İndiana ştatında 15 yaşlı Co'Mayze Larri silahlı atışma zamanı bir qadının ölümünə səbəb olduğuna görə 100 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, “LADBible” bu barədə məlumat yayıb.
Məlumata görə, cinayət törədilən vaxt yeniyetmənin 14 yaşı olub. İstintaq müəyyən edib ki, o, cinayətkar dəstənin üzvü olub və silahdaşları ilə birlikdə başqa bir qətl işi üzrə şahidə hücum hazırlayıb. Lakin atəş nəticəsində hədəf deyil, təsadüfən hadisə yerində olan 26 yaşlı Deyla Sueyn sinəsindən güllə yarası alaraq ölüb.
Hadisə zamanı daha bir qadın güllə yarası alıb, üçüncü qadın isə hadisə yerindən qaçan avtomobilin vurması nəticəsində xəsarət alıb.
Cinayətdən sonra Larri ABŞ-nin Viskonsin ştatına qaçıb. Bu müddətdə valideynləri onun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Təxminən bir ay sonra yeniyetmə könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
Araşdırma zamanı prokurorlar onun sosial şəbəkələrdəki yazışmalarını əldə ediblər. Yazışmalarda Larri və şəriki silah əldə etməyi, gecə klubunu izləməyi və müşahidə kameralarından yayınma yollarını müzakirə ediblər.
Məhkəmə yeniyetməni qəsdən adamöldürmə, adamöldürməyə cəhd, qətl məqsədilə əlbir olma, cinayətkar təşkilatda iştirak və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilib. O, qətl ittihamına görə 50 il, dəstə fəaliyyəti ilə bağlı digər cinayətlərə görə isə əlavə 50 il həbs cəzasına məhkum edilib.
16:08 06.08.2026
Oxunuş sayı: 61