Şimali İrlandada 30 ildən sonra yürüş gərginlik yaradıb
Şimali İrlandada yürüşlə bağlı mübahisənin əsas tərəfləri arasında razılıq əldə olunmayıb.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Mübahisə Portadaun şəhərində “Orange Order” təşkilatının əsasən millətçi əhalinin yaşadığı Qarvaqi yolundan keçməsi planlaşdırılan yürüşü ilə bağlıdır. Təşkilatın üzvləri bazar günü səhər keçirilməsinə icazə verilən yürüşə başlamağı gözləyirlər.
Etirazçılar həftəsonu yolu bağlayıblar. Şimali İrlandiya üzrə nazir ilə görüşdən sonra yol sakinlərini təmsil edən nümayəndə “Orange Order” təşkilatının Drankri yürüşü üçün alternativ marşruta diqqət yetirməli olduğunu bildirib.
1990-cı illərdə Drankri yürüşü Şimali İrlandiya tarixində ən ciddi qarşıdurmalardan bəzilərinə səbəb olmuşdu. Bir sıra hüquqi mübahisələrdən sonra yürüşün 30 ildən ilk dəfə keçirilməsi nəzərdə tutulub.
1998-ci ildən “Orange Order” təşkilatına Drankri yürüşünü başa çatdırmağa icazə verilmirdi. Bu ilədək Yürüşlər Komissiyası da təşkilatın marşrutu tamamlamasına dəfələrlə icazə verməyib. Komissiya bu cür mübahisələrin həlli üçün yaradılıb.
“Orange Order” protestant və Britaniyaya meyilli təşkilatdır. Yürüşün keçirilməsinin planlaşdırıldığı Qarvaqi yolu ərazisində isə əsasən katolik və İrlandiyanın birləşməsini dəstəkləyən millətçi əhali yaşayır.
19:55 28.09.2026
Oxunuş sayı: 42