Prezidentin təyin etdi icra başçıları KİMLƏRDİR? - DOSYE
Prezident İlham Əliyevin sərəncamları ilə Naftalan Şəhər İcra Hakimiyyətinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə yeni başçılar təyin olunub.
Crossmedia.az xəbər verir ki,Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Məmmədiyə Məmmədovun dosyesi

Naftalanın yeni icra başçısı kimdir -
Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.
2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.
2009–2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
2015–2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb.
2025-ci ildə ABŞ-nin Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirib.
Məmmədiyə Məmmədov 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.
2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.
Əmək fəaliyyəti dövründə bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak edib və onların təşkilində yer alıb. 2024-cü ildə Bakıda keçirilən COP29-da fəal iştirakına görə Prezident İlham Əliyevin “Təşəkkürnamə”si ilə təltif olunub.
Məmmədiyə Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Hacıbaba Babayevin dosyesi

Hacıbaba Babayev 1978-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.
O, 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində çalışıb. 2022-ci il yanvarın 26-dək həmin şöbədə baş məsləhətçi vəzifəsində işləyib və 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi alıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Hacıbaba Babayev 5 iyul 2022-ci ildən yeni təyinatınadək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
O, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Beləliklə, Məmmədiyə Məmmədov diplomatik və Prezident Administrasiyasındakı fəaliyyətindən sonra Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Babayev isə uzun illər Binəqədi Rayon İcra Hakimiyyəti sistemində çalışdıqdan sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.(Operativ Məlumat Mərkəzi)
20:36 28.09.2026
Oxunuş sayı: 57