“Mustafa Kamal Atatürk - Türk Dünyasının Əbədi Lideri” adlı kitabın təqdimat mərasimi keçirilib
Atatürk Mərkəzində tanınmış ictimai xadim, publisist Səxavət Əlisoyun “Mustafa Kamal Atatürk - Türk Dünyasının Əbədi Lideri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə kitabın ön sözünün müəllifi, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl açıb. Bildirib ki, əsər müəllifin uzun illər davam edən araşdırmalarının nəticəsi olaraq ortaya çıxıb: “Atatürk haqqında yeni kitab yazmaq istənilən müəllif qarşısında ciddi məsuliyyət yaradır. Çünki söhbət, sadəcə, məlum faktları bir daha sıralamaqdan deyil, həmin faktların arxasında dayanan insanı və tarixi hadisələrin mahiyyətini oxucuya çatdırmaqdan gedir. Bu mənada Səxavət Əlisoy Atatürkə yalnız Türkiyə Cümhuriyyətinin qurucusu kimi baxmır. Onu liderlik, dövlətçilik, hərbi strategiya, milli iradə, modernləşmə və tarixi məsuliyyət kimi anlayışların kəsişməsində təqdim etməyə çalışır”.
Kitabın elmi məsləhətçisi, professor Qulu Məhərrəmli müəllifin çətin bir vəzifənin öhdəsindən uğurla gəldiyini qeyd edib: “Səxavət Əlisoy müxtəlif mənbələri araşdırıb, arxiv materiallarına müraciət edib, Ankarada Anıtqəbiri ziyarət edib, Atatürkün doğulduğu Salonikiyə gedib, İstanbulda onun həyatı ilə bağlı məkanlarda olub. Bu səfərlər müəllifin Atatürk mövzusuna münasibətinin, sadəcə, nəzəri deyil, həm də şəxsi araşdırma təcrübəsinə əsaslandığını göstərir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, Azərbaycan oxucusu üçün Atatürk mövzusunun xüsusi mənəvi çəkisi də vardır: “Azərbaycanla Türkiyə arasındakı tarixi, mədəni və mənəvi bağlar bu mövzunu bizim üçün daha da əhəmiyyətli edir. Buna görə Azərbaycan müəllifinin Atatürk haqqında yazması təkcə tarixi şəxsiyyət haqqında kitab təqdim etmək deyil, həm də ortaq yaddaşımızın mühüm bir parçasına müraciət etməkdir”.
Şair Xaqani Abbasəli, müəllim Fərəməz Əsgərov və digər çıxış edənlər də kitabla bağlı fikirlərini bölüşüblər.
İştirakçılara təşəkkürünü bildirən Səxavət Əlisoy kitabı Türkiyədə Türk Tarix Qurumuna, Anıtqəbir komandanlığına, Ankara və Qazi universitetlərinə, Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinə, Salonikidə Türkiyənin Baş Konsulluğuna və Atatürkün ev-muzeyinə təqdim etdiyini bildirib: “Türk Tarix Qurumunda mənə bildirdilər ki, Türkiyə xaric türk dövlətlərinin heç birində belə bir araşdırma kitabı yazılmayıb. Bir Azərbaycan türkü olaraq bu kitabı yazdığım üçün çox xoşbəxtəm. Hesab edirəm ki, böyük Atatürkə olan minnət borcumdan az da olsa, çıxa bildim”.
Qeyd edək ki, kitabın redaktoru Nadir Qocabəylidir.
10:59 19.11.2026
Oxunuş sayı: 44