İmmunitetiniz qışa hazırdırmı?
Qış aylarında qrip və sətəlcəm qapımızı daha tez döyür. Güclü immun sistemi üçün ağıla gələn ilk şey C vitamini olsa da, əslində fərq yaradanlar çox vaxt diqqətdən kənarda qalan selen və sink elementləri dirt. Soyuq hava, qapalı və insanların sıx olduğu məkanlarda daha çox vaxt keçirmək, günəş işığının azalması səbəbindən yaranan D vitamini çatışmazlığı və nizamsız yuxu rejimi, bunların hamısı immun sisteminə əlavə yük yaradır.
Viruslar soyuq və quru havada daha uzun müddət canlı qala bilirlər. Buna görə də qış fəsli yalnız isti geyinməklə deyil, həm də orqanizmi daxildən gücləndirmək vacibdir.
Crossmedia.az xəbər verir ki, "Güclü immun sistemi tək bir vitaminlə deyil; balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik, eləcə də vitamin və mineralların düzgün qəbulu ilə formalaşır" – deyə vurğulayan daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk bu mövzuda "Sözcü" qəzetinə vacib tövsiyələr təqdim edib.
Həkim qeyd edib ki, qida əlavələri dərman vasitələrini əvəz etmir. Xroniki xəstəlikləri olan şəxslər, hamilə qadınlar və mütəmadi olaraq dərman qəbul edənlər selen, sink və ya D vitamini kimi əlavələri qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Orqanizmin müqavimətini gücləndirməyin digər yolları aşağıdakılardır:
1- D vitamininə laqeyd yanaşmayın: Qışda günəş işığının azalması səbəbindən D vitamini səviyyəsi düşə bilər. Qanınızdakı səviyyəni yoxladın və həkimin tövsiyəsi ilə müvafiq əlavələr qəbul edin.
2- Nizamlı yuxu rejimini qoruyun: Gün ərzində 7–8 saat keyfiyyətli yuxu almaq immun hüceyrələrinin bərpası üçün vacibdir.
3- Bol su için: Susuzluq hiss etməsəniz belə, gündə 1,5–2 litr su qəbul edin. Selikli qişaların quruması mikrobların orqanizmə daxil olmasını asanlaşdırır.
4- Rasionunuza probiotiklər daxil edin: İmmun sisteminin 70%-i bağırsaqlarda yerləşir. Qatıq, kefir və turşu kimi fermentləşdirilmiş qidalar bağırsaq florasının güclənməsinə kömək edir.
5- Aktiv olun: Həftədə 3–4 gün, 30 dəqiqəlik sürətli gəzinti immun hüceyrələrini fəallaşdırmağa kömək edir.
Professor əlavə edib ki, C vitamini, yuxarı tənəffüs yolları infeksiyalarından qorunmaq üçün ağıla gələn ilk əlavə vasitədir. O, immun hüceyrələrinin fəaliyyətini dəstəkləyir və yorğunluğun azalmasına kömək edir. Lakin təkcə C vitamini möcüzə yaratmır. Orqanizmdə toplanmadığı üçün onu hər gün mütəmadi olaraq qəbul etmək lazımdır. Portağal, naringi, kivi, qırmızı bolqar bibəri, cəfəri, brokkoli və itburnu C vitamininin ən zəngin mənbələri sırasındadır.
Selenin mineralından da bəhs edən mütəxəssis vurğulayıb:
"Selen immun sistemi üçün vacib bir mineraldır. O, genlərin zədələnməsinin qarşısını almağa kömək edir və qaraciyərin detoksifikasiya proseslərini dəstəkləyir. Selen immun sistemindəki təbii öldürücü hüceyrələrin və T-hüceyrələrinin sayını artırır, həmçinin ağır metalların orqanizmdən xaric edilməsinə kömək edir. Lakin nəzərə alınmalı vacib bir məqam var: selenin həddindən artıq miqdarı zərərli ola bilər. Onun artıq qəbulu diabet riskini artıra bilər. Buna görə də, hər hansı əlavə vasitədən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Selenin tövsiyə olunan gündəlik qəbul miqdarı 150–200 mikroqramdır. Lakin bunun təxminən 50 mikroqramını qida vasitəsilə əldə etmək mümkündür. Bunun səbəbi intensiv əkinçilik üsulları, pestisidlərdən istifadə və kimyəvi gübrələrin tətbiqi nəticəsində torpaqdakı selen səviyyəsinin davamlı olaraq azalmasıdır. Məhz buna görə də, ABŞ və Avropada kimyəvi gübrələrə qanuni qaydada selen əlavə edilir. Selenlə ən zəngin qidalara çərəzlər və toxumlar (məsələn, küncüt və günəbaxan toxumu); dəniz məhsulları (məsələn, istridiyə, siyənək, treska və tuna balığı); bitki mənşəli qidalar (məsələn, kələm, göbələk, balqabaq və sarımsaq); həmçinin daxili orqanlar (məsələn, qaraciyər və böyrək) daxildir.
"Sink həmçinin immun sisteminin gücləndirilməsi üçün ən vacib minerallardan biridir. Məlumdur ki, sinklə zəngin qidalar qəbul edən və ya həkim nəzarəti altında sink əlavələri qəbul edən şəxslər infeksiyalara və xərçəngə qarşı daha yüksək müqavimət göstərirlər. Sink adi soyuqdəymə və qrip kimi yuxarı tənəffüs yolları infeksiyalarının davam etmə müddətini qısaldır, həmçinin sətəlcəm (pnevmoniya) daxil olmaqla, aşağı tənəffüs yolları infeksiyalarının baş vermə tezliyini azaldır. Xroniki sink çatışmazlığı zamanı infeksiyalar daha tez-tez müşahidə olunur və adətən daha ağır keçir; bunun səbəbi sink çatışmazlığının həm anticisimlərlə əlaqəli, həm də hüceyrə immunitetini zəiflətməsidir. Xüsusilə, B və T limfositlərinin sayı azalır və onların funksiyaları pozulur. HİV və COVID-19 kimi hallarda qanda limfosit sayının azalması klinik mənzərənin daha da ağırlaşmasına səbəb ola bilər", — mütəxəssis deyib.
Necə qidalanmalıyıq?
"Torpaqdakı sink miqdarı və kimyəvi gübrələrin istifadəsi qidalardakı sink səviyyəsinə təsir göstərir. Heyvan mənşəli qidalar sinklə zəngindir və tərkiblərindəki sink orqanizm tərəfindən yüksək dərəcədə mənimsənilir. Beyin hüceyrələri də bir-biri ilə əlaqə qurmaq üçün sinkə ehtiyac duyur. Tövsiyə olunan gündəlik sink qəbulu kişilər üçün 10 mq, qadınlar üçün isə 8 mq-dır.
Sinklə zəngin qidalara qırmızı ət, toyuq, hinduşka, yumurta, yulaf yarması, tam taxıllar, qəhvəyi düyü, çərəzlər, balqabaq tumu, noxud və küncüt toxumları daxildir. Taxıllar emal olunub una çevrildikdə, onların tərkibindəki sink miqdarı azalır. Sink çatışmazlığına spirtli içki qəbul edən insanlar arasında daha tez-tez rast gəlinir. Antioksidant xüsusiyyətlərə malik olan sink, həmçinin makulyar degenerasiya və katarakta hallarının yaranma ehtimalını azaldır", — deyə professor sonda yekunlaşdırıb.
08:33 19.11.2026
Oxunuş sayı: 76