"Ozempic" və "Mounjaro" təkcə arıqlamağa deyil, beyin sağlamlığına da təsir edə bilər
Artıq çəki və ikinci tip diabetin müalicəsində istifadə olunan "Ozempic" və "Mounjaro" kimi preparatların beyin sağlamlığına da təsir göstərə biləcəyi ehtimal edilir. Yeni elmi icmal bu dərmanların yaddaş və düşünmə qabiliyyətinin qorunmasında mümkün rolunu gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri məlumat yayıb.
Göteborq Universiteti və Kopenhagen Universitetinin tədqiqatçıları GLP-1 qrupuna daxil olan dərmanların beyin fəaliyyətinə təsirini araşdırıblar.
Məlum olub ki, bəzi müşahidə araşdırmalarında ikinci tip diabet xəstələri arasında bu preparatları qəbul edənlərdə demensiya riskinin daha aşağı olması ilə əlaqə aşkarlanıb.
Bununla belə, nəticələr dərmanların birbaşa qoruyucu təsir göstərdiyini sübut etmir. Bundan başqa, semaqlutidin Alzheimer xəstəliyinin erkən mərhələsində inkişafı ləngitdiyini göstərən böyük klinik sınaqlar uğurlu nəticə verməyib.
Alimlər hesab edirlər ki, bu preparatlar xüsusilə piylənmə və diabet səbəbindən koqnitiv problemlər yaşayan insanlarda yaddaş və düşünmə qabiliyyətinin qorunmasına kömək edə bilər.
Tədqiqatçılar bu ehtimalın təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
06:28 19.11.2026
Oxunuş sayı: 101