Adi termal örtüklər Ayda insanların yaşaması üçün istifadə oluna bilər
Alimlər gündəlik həyatda istifadə olunan termal örtüklərin Ayda gələcək yaşayış məntəqələrinin tikintisində yararlı ola biləcək yeni materiala çevrilə biləcəyini müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” Pensilvaniya Universitetinin mühəndislərinə istinadən məlumat yayıb.
Tədqiqatçılar təcili yardım və xilasedici termal örtüklərdə istifadə olunan Mylar adlı nazik plastik materialdan çoxqatlı izolyasiya sistemi hazırlayıblar.
HyLIFS adlandırılan yeni material yüzlərlə nazik Mylar təbəqəsinin xüsusi qaydada üst-üstə yerləşdirilməsi ilə yaradılıb.
Laboratoriya sınaqları zamanı materialın yüksək təzyiqə və mexaniki təsirlərə davamlı olduğu müəyyən edilib. Təcrübələrdə nümunələr təxminən 20 meqapaskal təzyiqə 10 dəfə məruz qaldıqdan sonra belə istilik izolyasiyası xüsusiyyətlərini qoruyub.
Alimlərin sözlərinə görə, material gələcəkdə Ayda tikiləcək yaşayış məntəqələrinin, astronavt geyimlərinin və kosmik avadanlıqların qorunmasında istifadə oluna bilər.
Hazırda tədqiqatçılar materialın daha geniş miqyasda istehsalı və praktik tətbiqi imkanlarını araşdırırlar.
Qeyd edək ki, yeni material hələ Ay şəraitində sınaqdan keçirilməyib. Tədqiqatın nəticələri “ACS Applied Materials & Interfaces” jurnalında dərc olunub.
01:12 19.11.2026
Oxunuş sayı: 126