BDU tarixində ilk qadın rektor – Məleykə Abbaszadə
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib. Uzun illər Azərbaycanın təhsil və qiymətləndirmə sistemində rəhbər vəzifələrdə çalışan Abbaszadə bundan sonra ölkənin ən qədim ali təhsil müəssisələrindən birinə rəhbərlik edəcək.
Crossmedia.az xəbər verir ki, Məleykə Abbaszadə uzun müddət ali məktəblərə tələbə qəbulunun təşkili, imtahan sisteminin idarə olunması və təhsildə qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət göstərib.
Məleykə Abbaszadə kimdir?
Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə orta məktəbi bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayıb.
1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində tədqiqatçı-stajor kimi çalışıb. Daha sonra 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində fəaliyyət göstərib.
1988-ci ildə Kiyevdə Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb. Sonrakı illərdə pedaqoji və elmi fəaliyyətini davam etdirib, Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda şöbə müdiri, Azərbaycan Neft-Kimya İnstitutunda isə aparıcı elmi işçi vəzifəsində çalışıb.
İstedadlı uşaqların inkişafı istiqamətində fəaliyyəti
Məleykə Abbaszadənin karyerasında diqqətçəkən mərhələlərdən biri 1990-cı ildən Azərbaycan "İstedad" Assosiasiyasında fəaliyyəti ilə bağlıdır. O, həmin qurumun sədrinin birinci müavini vəzifəsində çalışaraq istedadlı uşaq və gənclərin müəyyənləşdirilməsi, onların inkişafı üçün müasir tədris metodlarının hazırlanması istiqamətində fəaliyyət göstərib.
Assosiasiyanın təşəbbüsü və təşkilatçılığı ilə Bakı Avropa Liseyinin yaradılması da həmin dövrün mühüm təşəbbüslərindən biri olub. Bu fəaliyyət istedadlı uşaqların potensialının üzə çıxarılması və onların fərqli təhsil imkanları ilə təmin olunmasına yönəlmişdi.
TQDK-da uzunmüddətli rəhbərlik fəaliyyəti
Məleykə Abbaszadənin ictimaiyyətə daha çox tanınması onun tələbə qəbulu sistemindəki fəaliyyəti ilə bağlıdır.
1994-cü ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini təyin edilən Abbaszadə 2000-ci ilədək bu vəzifədə çalışıb. 2000-ci ildən 2016-cı ilədək isə TQDK-ya rəhbərlik edib.
Onun rəhbərliyi dövründə ali məktəblərə qəbul prosesində test sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, fənlər üzrə ekspert şuralarının və test banklarının yaradılması, imtahan nəticələrinin statistik təhlili və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılıb.
Bu mərhələdə imtahan materiallarının hazırlanması və ekspertizası prosesində pedaqoji ictimaiyyətin iştirakına şərait yaradılıb. Fənlər üzrə elmi-metodiki seminarlar təşkil olunub, qəbul imtahanlarının nəticələrinin təhlili və müzakirəsi sistemli xarakter alıb. TQDK-nın nəzdində abituriyentlərə dəstək məqsədilə hazırlıq kursları da fəaliyyət göstərib.
Dövlət İmtahan Mərkəzində fəaliyyəti
2016-cı il aprelin 12-də Məleykə Abbaszadə yeni yaradılmış Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsinə təyin olunub. 2024-cü il iyulun 23-də isə Prezident İlham Əliyevin sərəncamı ilə DİM-in İdarə Heyətinin sədri təyin edilib.
Bu qurumda fəaliyyəti dövründə imtahanların təşkili və qiymətləndirilməsi ilə yanaşı, dövlət qulluğuna qəbul, müxtəlif sertifikasiya və qiymətləndirmə proseslərinin həyata keçirilməsi də əsas fəaliyyət istiqamətləri sırasında olub.
Abbaszadə 2000-ci ildə BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə layihəsi çərçivəsində "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yaradılmasında milli koordinator kimi iştirak edib. Həmin sistem 2000-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə tətbiq olunub.
O, həmçinin 2002-ci ildə informasiya-kommunikasiya texnologiyalarının inkişafı strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiqinə dair layihənin milli koordinatoru olub.
Beynəlxalq fəaliyyəti və elmi nailiyyətləri
Məleykə Abbaszadə təhsildə qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlıqda da iştirak edib. 2005-ci ildə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya (IAEA) və UNESCO tərəfindən dərc olunan beynəlxalq ekspertlər siyahısına daxil edilib.
2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib. 2007 və 2019-cu illərdə Bakıda keçirilən qurumun beynəlxalq konfranslarının təşkilatçılarından olub.
Elmi fəaliyyətini də davam etdirən Abbaszadə 60-dək elmi məqalənin və ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
İnanırıq ki, Məleykə Abbaszadə dərin təcrübəsi və bacarığı ilə Bakı Dövlət Universitetinin inkişafına öz töhfəsini verəcək.
10:39 19.11.2026
Oxunuş sayı: 36