Bakıda iki gün bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda noyabrın 20-də və 21-də yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi ilə əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Crossmedia.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə müraciət edib.
Bildirilib ki, noyabrın 20-də saat 00:00-dan 06:00-dək Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq.
Bu səbəbdən qeyd olunan ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq alternativ istiqamətlər üzrə təşkil ediləcək.
Hava limanından şəhər mərkəzinə hərəkət edən sürücülər alternativ olaraq Zığ yolundan istifadə etməklə “8 Noyabr” prospekti istiqamətində hərəkət edə bilərlər.
Noyabrın 21-də saat 23:00-dan növbəti gün saat 05:45-dək isə metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Şəhər mərkəzindən Hava limanına gedən sürücülər Bakıxanov qəsəbəsi istiqamətində Elşən Mehdiyev, Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələrindən istifadə edə bilərlər.
Alternativ olaraq “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də Hava limanı istiqamətində hərəkət etmək mümkün olacaq.
DYP əməkdaşları məhdudiyyət tətbiq edilən ərazilərdə nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək və sürücüləri alternativ istiqamətlərə yönləndirmək üçün xidmət aparacaqlar.
Sürücülərdən səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
10:15 19.11.2026
Oxunuş sayı: 43