DİN-in 3 uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi
Daxili İşlər Nazirliyinin tabeliyindəki 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.
Bu barədə Crossmedia.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, bunlar Nəsimi rayonundakı 355, 357 və Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçalarıdır.
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, qeyd olunan bağçalarda qrupların komplektləşdirilməsinə dəstək məqsədilə qeydiyyat prosesi elektron sistem üzərindən davam etdirilir. Valideynlər hər üç bağça üzrə bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, məktəbəqədər təhsil üzrə xidmət keyfiyyətinin yüksəldilməsi və müəssisələrdə çalışan heyətin peşəkarlığının artırılması prioritet istiqamətlərdəndir.
10:56 06.08.2026
Oxunuş sayı: 54