Özəl bağçalar pulsuz olur - Tələsin
Özəl bağçalarda 8 min uşağın dövlət hesabına maliyyələşdirilməsi məktəbəqədər təhsil sistemində mühüm dəyişikliklər vəd edir. Yeni model dövlət, valideyn və özəl sektor əməkdaşlığı əsasında həm təhsilə əlçatanlığın artırılmasını, həm də xidmət keyfiyyətinin yüksəldilməsini hədəfləyir. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma dövlət bağçalarında sıxlığın azalmasına, valideynlərin maliyyə yükünün yüngülləşməsinə və məktəbəqədər təhsil sistemində sağlam rəqabətin formalaşmasına töhfə verəcək. Eyni zamanda, özəl bağçaların fəaliyyətində şəffaflığın və keyfiyyət standartlarının yüksəlməsi üçün də yeni imkanlar yaradacaq.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığı modelinə əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydaları ölkənin erkən yaş dövrü təhsil mühitində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyur və 2026–2027-ci tədris ilində 8 min uşağın özəl bağçalarda dövlət sifarişi ilə maliyyələşdirilməsi həm sosial, həm də sosial-iqtisadi baxımdan strateji yanaşmanın göstəricisidir: “Bu qərarın məktəbəqədər təhsil sisteminə gətirəcəyi müsbət təsirlər çoxşaxəlidir. Bu model təkcə maliyyə subsidiyası deyil, eyni zamanda sistemin infrastrukturunu modernləşdirən və müasirləşdirən mühüm tənzimləmə mexanizmidir. İlk növbədə infrastruktur yükünün optimallaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Dövlət bağçalarında uzun illərdir müşahidə olunan sıxlıq və növbəlilik probleminin kəskin şəkildə azalacağı gözlənilir. Dövlət yeni bağça binalarının tikintisinə böyük kapital qoyuluşu etmədən özəl sektorun mövcud infrastruktur potensialından daha səmərəli istifadə edəcək. Yeni model sağlam rəqabətin formalaşmasına və xidmət keyfiyyətinin yüksəlməsinə də səbəb olacaq. Müsabiqədə yalnız lisenziyası olan özəl bağçalar iştirak edə biləcək”.
Ekspert qeyd edib ki, dövlət zəmanətli uşaq kontingentini qazanmaq istəyən özəl müəssisələr təlim-tərbiyə standartlarını, sanitar-gigiyenik normaları və kadr potensialını dövlət tələblərinə uyğunlaşdırmalı olacaqlar: “Dövlət dəstəyi sənədləşməni və şəffaflığı tələb etdiyindən, bu, lisenziyasız və qeyri-rəsmi fəaliyyət göstərən kiçik bağçaların leqallaşmasını sürətləndirəcək və kölgə iqtisadiyyatının qarşısının alınmasına töhfə verəcək. Maliyyələşmənin aylıq əsasda və uşaqların davamiyyətinə uyğun həyata keçirilməsi isə qeydiyyat və davamiyyət üzərində ciddi nəzarət mexanizmi formalaşdıracaq, şəffaflığın və effektiv monitorinq sisteminin güclənməsinə şərait yaradacaq. Ekspert qeyd edib ki, yeni model sosial rifahın yüksəldilməsinə və sosial bərabərliyin təmin olunmasına da birbaşa təsir göstərəcək. Valideynlərin maliyyə yükü azalacaq, bağçalara əlçatanlıq genişlənəcək. Qaydalara əsasən, özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət qarşılayacaq. Bakı şəhəri üzrə dövlət tərəfindən ayrılacaq maksimum məbləğ 300 manat təşkil edəcək ki, bu da orta və aşağı gəlirli ailələrin büdcəsinə ciddi dəstək olacaq. Dövlət bağçalarının olmadığı və ya uzaqda yerləşdiyi ərazilərdə valideynlər artıq evlərinə və ya iş yerlərinə yaxın özəl bağçaları daha münasib qiymətlərlə seçə biləcəklər. Bu isə həm coğrafi, həm də funksional əlçatanlıq baxımından mühüm üstünlükdür. müsabiqə şərtlərində tətbiq olunan 100 ballıq qiymətləndirmə sistemində 50 balın məhz təhsil haqqının səmərəliliyinə ayrılması qiymətləri süni şəkildə artıran özəl bağçaların layihədə qalib gəlmək imkanlarını azaldacaq. Bu da bazarda qiymətlərin sabitləşməsinə və süni bahalaşmanın qarşısının alınmasına səbəb olacaq. Bağça probleminin həlli uşaqlara baxım yükünü azaldaraq daha çox ananın aktiv əmək fəaliyyətinə və karyerasına qayıtmasına, nəticədə ailə gəlirlərinin artmasına şərait yaradacaq. Beləliklə, qadınların əmək bazarına inteqrasiyası daha da sürətlənəcək. Bu modelin mühüm üstünlüklərindən biri də uşaqların sosiallaşmasına müsbət təsir göstərməsidir. Onlar müəyyən standartlara uyğun təhsil alacaq, yeni bilik və bacarıqlar qazanacaq, nizam-intizama alışacaqlar. Bu da məktəb yaşına çatdıqda onlar üçün möhkəm ilkin baza rolunu oynayacaq. Bu islahat dövlətin sosialyönümlü siyasətinin və təhsildə vauçer sisteminə keçidin uğurlu nümunəsidir. 8 min uşaq hələ ilkin mərhələdir və model uğurla sınaqdan keçəcəyi təqdirdə, bu kvotanın genişləndirilməsi ölkədə məktəbəqədər təhsilə əhatə dairəsinin yaxın illərdə daha da artırılmasına imkan verəcək. Dövlətin uşaqlara sahib çıxması, ailələrin sosial yükünün azaldılması və məktəbəqədər təhsilə əlçatanlığın təmin olunması istiqamətində atdığı bu addım ən uğurlu və ən dəyərli investisiyalardan biridir".
Zeynəb Həsən
11:30 06.08.2026
Oxunuş sayı: 51