"Tibb"i seçən abituriyentlər - qəbul olmaya bilər
Universitet seçimində əvvəlki illərin keçid ballarına əsaslanmaq abituriyentlər üçün ciddi risk yarada bilər. Təhsil ekspertləri bildirirlər ki, hər il qəbul planında, ixtisaslar üzrə ayrılan yerlərdə və imtahan nəticələrində baş verən dəyişikliklər keçid ballarına birbaşa təsir göstərir. Buna görə də seçim zamanı yalnız ötən ilin nəticələrinə güvənmək düzgün yanaşma hesab edilmir. Ekspertlər abituriyentlərə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik məlumatları diqqətlə təhlil etməyi, plan yerlərindəki dəyişiklikləri nəzərə almağı və gələcək karyera imkanlarını düzgün qiymətləndirməyi tövsiyə edirlər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, abituriyentlər əvvəlki illərin keçid ballarına baxıb, ona uyğun seçim edirlər. "Bu, qətiyyən yolverilməzdir. Belə seçim etmək doğru deyil. Çünki illər üzrə qəbul planına baxsaq, "Abituriyent" jurnalını nəzərdən keçirsək, görərik ki, hər il ixtisaslara uyğun keçid ballarında dəyişiklik baş verir. Bu isə, əlbəttə ki, plan yerlərindən, eləcə də qəbul imtahanlarının nəticələrindən çox asılıdır. Keçən il buraxılış imtahanı daha asan olmuşdu, bu il isə nisbətən çətin keçdi. Yaxud blok imtahanlarında müxtəlif fərqlər ola bilər. IV qrupla bağlı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də qeyd etdi ki, 600 balı keçən abituriyentlərin sayı 1000-dən çoxdur və bu da həmin qrupda müəyyən gərginlik formalaşdıracaq. Əgər abituriyent keçən ilin nəticələrinə əsasən tibb ixtisasını seçsə, bu, onun qəbul ola bilməməsinə qədər gətirib çıxara bilər. Keçən illərdə IV qrupda 10 nəfər abituriyent qəbul ola bilməmişdi".

Ekspert qeyd edir ki, ona görə də abituriyentlər seçim edərkən ilk növbədə DİM tərəfindən açıqlanan statistik məlumatlara diqqət yetirməlidirlər: "Statistik məlumatlar dərc olunduqdan sonra onlar təhlil edilməli, bal aralıqları müəyyənləşdirilməli və seçim buna uyğun aparılmalıdır. Bununla yanaşı, dövlət tərəfindən ayrılan plan yerlərinə də diqqət yetirilməlidir. Hər bir ixtisas üzrə plan yerlərində artım və ya azalma olub-olmaması nəzərə alınmalıdır. Dövlət sifarişli ixtisaslara müraciət edənlər isə həmin ixtisaslar üzrə dövlət sifarişli plan yerlərini diqqətlə araşdırmalı və buna uyğun təhlil aparmalıdırlar. Yəni ümumi analiz aparmadan, yalnız əvvəlki ilin keçid ballarına baxaraq seçim etmək qətiyyən doğru deyil. Xüsusilə də perspektivli ixtisaslar seçilməlidir. Perspektivi olmayan ixtisaslara toplanmış bal sərf edilməməlidir. Bəzən görürük ki, abituriyentin kifayət qədər yüksək balı var, amma seçdiyi ixtisas arzulanan ixtisas deyil və həmin ixtisası bitirdikdən sonra belə o sahə üzrə işləyə, peşəkar mütəxəssis kimi fəaliyyət göstərə bilmir. Buna görə də abituriyentlər gələcək karyeralarını qura biləcəkləri ixtisasları seçməyə çalışmalıdırlar".
Zeynəb Həsən
20:30 03.08.2026
Oxunuş sayı: 53