Qabiliyyət imtahanında bunlara diqqət edin
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak edənlər müvafiq mövzularla bağlı esselər təqdim edəcəklər. Esselərin yazılış qaydası, tələb olunan əsas nüanslar daim abituriyentləri maraqlandıran mövzulardan olub.
Qabiliyyət
imtahanında tələb olunan nüanslarla bağlı, Bakı Dövlət Universiteti
Jurnalistika Fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova Crossmedia.az-a açıqlama
verib: “Mövzu işlənərkən ümumi ifadələrdən deyil, konkret faktlardan istifadə
edilməlidir. Yazıda mövzu hərtərəfli əhatə olunmalı, müəllifin mövqeyi və əsaslandırılmış
fikirləri aydın şəkildə ifadə edilməlidir. Eyni zamanda, Azərbaycan dilinin
orfoqrafiya və durğu işarələri qaydalarına ciddi riayət olunmalıdır. Ötən il imtahan verən abituriyentlərin yazı
işləri bizi qane etmədi. Müşahidələr göstərir ki, ildən-ilə mövzunu təhlil və
işləmə bacarığı zəifləyir. Ən ciddi problemlərdən biri isə mövzu ilə bağlı
faktlardan düzgün və məqsədyönlü şəkildə istifadə edə bilməmələridir”.

A.Əzimova qeyd edib ki, imtahanda Qarabağ, Azərbaycan
dili və ya digər ictimai əhəmiyyət daşıyan mövzular təqdim oluna bilər: “Belə
hallarda mövzu yalnız ümumi fikirlərlə deyil, konkret faktlar, qanunvericilik
aktları, klassik və müasir müəlliflərin fikirləri, eləcə də cəmiyyətdə
formalaşmış ictimai rəy nəzərə alınmaqla işlənməlidir. Yazının sonunda isə təqdim
olunan faktlar ümumiləşdirilməli, əsas ideya məntiqi nəticə ilə
yekunlaşdırılmalıdır. Düzgün nəticə hissəsi müəllifin çatdırmaq istədiyi əsas
fikri aydın ifadə etməli və yazının məzmununu tamamlamalıdır”.
Ayhan
14:50 03.08.2026
Oxunuş sayı: 82