Keçid balları dəyişəcək? - Açıqlandı
Dövlət İmtahan Mərkəzi bu il ali təhsil müəssisələrinə qəbul üzrə ilkin keçid balı proqnozlarını açıqlayıb. Məlumata görə, ixtisas qrupları üzrə fərqli tendensiyalar gözlənilir: bəzi istiqamətlərdə keçid ballarının azalacağı, digərlərində isə artacağı proqnozlaşdırılır. Xüsusilə IV ixtisas qrupunda rəqabətin daha da gücləndiyi və bəzi ixtisaslarda keçid ballarının 15–17 baladək yüksələ biləcəyi bildirilir. Bu vəziyyət ixtisas seçimi mərhələsində düzgün strategiyanın əhəmiyyətini bir daha ön plana çıxarır.

Mövzu ilə bağlı "Ingla School"-un direktoru, təhsil eksperti Əzizə Fətullayeva Crossmedia.az-a açıqlamasında bildirib ki, ali məktəblərə qəbul zamanı keçid ballarını müəyyən edən əsas amil tələb və təklif balansıdır:
"Əvvəla bildirim ki, tələbə qəbulunda keçid balını formalaşdıran əsas amil tələb və təklif balansıdır. Plan yerlərinin artması təklifi çoxaltdığı üçün keçid ballarını adətən aşağı salır və ya sabit saxlayır. Yerlər azaldıqda isə rəqabət sıxlaşır və ballar avtomatik yüksəlir".
Ekspert qeyd edib ki, keçid ballarına təsir edən yeganə amil plan yerlərinin sayı deyil:
"Burada vacib bir məqam var: təkcə plan yeri deyil, həmin bal intervalındakı abituriyent sıxlığı da həlledicidir. Məsələn, IV qrupda bal artımı proqnozu birbaşa yüksək bal toplayanların sayının çoxluğu və səhiyyə yönümlü ixtisaslara olan ənənəvi böyük tələbatla bağlıdır. İxtisas seçimi sadəcə balları üst-üstə qoymaq deyil, düzgün taktika qurmaqdır".
Ə.Fətullayevanın sözlərinə görə, DİM-in açıqladığı proqnozlar abituriyentlər üçün xəbərdarlıq xarakteri daşıyır və seçim zamanı daha diqqətli olmağa xidmət edir:
"DİM-in açıqladığı bu proqnozlar panika yaratmaq üçün deyil, əksinə, abituriyentlərin ehtiyatlı davranması üçün bir xəbərdarlıqdır. Unutmayaq ki, keçid ballarını öncədən heç kim müəyyən etmir – onu abituriyentlərin öz seçimləri formalaşdırır. Soyuqqanlılıqla, statistikaya əsaslanan düzgün strategiya quran heç bir abituriyent ballar qalxsa belə kənarda qalmayacaq".
Zərnigar Hüseynli
14:30 03.08.2026
Oxunuş sayı: 89