Bakı Qızlar Universiteti bağlandı, tələbələri nə gözləyir?
Özəl ali təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması cəmiyyətdə narahatlıq doğursa da, yararan vəziyyət tələbələrin xeyrinə dəyişir. Bu çərçivədə Bakı Qızlar Universitetinin fəaliyyəti yoxlamalar zamanı lisenziya, akkreditasiya və tədrisin keyfiyyəti ilə bağlı aşkar olunan ciddi nöqsanlara görə dayandırılıb. Lakin Dövlət İmtahan Mərkəzi xətti ilə qanuni qəbul olunmuş gənclərin hüquqlarının pozulmasına heç bir halda yol verilməyəcək. Dövlət təhsil müəssisəsini bağlasa da, tələbələri çətin vəziyyətdə qoymayacaq və lazımi addımları atacaq. Müvafiq qurumlar tərəfindən mərhələli şəkildə aparılacaq transfer prosesi nəticəsində tələbələr Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi aparıcı ali məktəblərə köçürüləcəklər. Qafqaz Universiteti və Naxçıvan Özəl Universitetinin təcrübəsi də dövlətin hər zaman tələbələrin yanında olduğunu göstərir. Beləliklə, özəl universitetdən nüfuzlu dövlət ali məktəblərinə keçid gənclərə daha keyfiyyətli təhsil almaq imkanı yaradacaq. Nəticə etibarilə, bu proses valideyn və tələbələr üçün narahatlıq deyil, sevindirici və müsbət bir imkandır. Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Crossmedia.az-a açıqlama verib.

"Hər hansı bir ali təhsil müəssisəsinə müvafiq lisenziya verilmədikdə, fəaliyyətində hər hansı nöqsan təsbit edildikdə və ya ümumi yoxlamadan müsbət nəticə ala bilmədikdə müvafiq qurum-bu, İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti və ya Elm və Təhsil Nazirliyi ola bilər - fəaliyyətin dayandırılması barədə qərar verir. Xüsusilə də bu istiqamətdə yoxlama İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirildikdə müvafiq qərar qəbul edilir və ali məktəbin fəaliyyəti dayandırılır.
Fəaliyyəti dayandırılan ali təhsil müəssisəsində, əlbəttə ki, əsas məsələ tələbələrin taleyi olur. Sizi tam əmin edim ki, orada oxuyan tələbələr qanuni yolla, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanları ilə qəbul olduqlarına görə dövlət onların digər ali təhsil müəssisələrinə köçürülməsində maraqlı olacaq. Dövlət təhsil müəssisəsinin fəaliyyətini dayandırsa belə, oradakı tələbələri çətin vəziyyətdə qoymaz, onların hüquqlarının bərpa olunması istiqamətində lazım olan addımları atar və həmin tələbələrin digər dövlət universitetlərinə transferini təmin edər.
Əlbəttə ki, bu proses tələbələrlə görüşlərin keçirilməsi və onların müvafiq universitetlərə yerləşdirilməsi ilə hissə-hissə həyata keçiriləcək. Necə ki, bunun təcrübəsini əvvəllər də yaşamışıq: misal üçün, Qafqaz Universiteti bağlananda onun bazasında Bakı Mühəndislik Universiteti kimi dövlət ali məktəbi yaradıldı və özəl universitetdə oxuyan tələbələr dövlət universitetində təhsil almış oldular. Eləcə də Naxçıvan Özəl Universiteti fəaliyyətini dayandıranda oradakı tələbələrin heç biri kənarda qalmadı; dövlət tərəfindən birbaşa Naxçıvan Dövlət Universitetinə və digər müvafiq universitetlərə transfer prosesi reallaşdırıldı.
Yəni tələbələr narahat olmasınlar ki, təhsil müəssisəsi bağlandıqda onların hüquqları pozulacaq, kənarda qalacaqlar və ya diqqətdən kənar olunacaqlar. Bu, tamamilə yanlış bir fikirdir. Əsas anlayış bundan ibarət olmalıdır ki, dövlət hər zaman qanuni yollarla qəbul olan tələbələrin yanındadır və onların təhsilini davam etdirmələrinə lazımi dəstəyi göstərəcək. Buradakı köçürülmə prosesi də müvafiq qurumlar tərəfindən mərhələli şəkildə aparılacaq".
Ekspert qeyd edib ki, bəzi özəl universitetlərin bağlanması tələbələrin xeyrinədir.
"Çünki tələbə özəl universitetdən dövlət universitetinə keçirilir ki, bu da müsbət haldır. Dövlətimiz bunun təmin olunması üçün əlindən gələni edir. Bu baxımdan valideynlərin və tələbələrin narahatlığına heç bir əsas yoxdur. Prosesin gedişatında bunu hər kes rahat şəkildə müşahidə edə biləcək.
Düşünmürəm ki, bu durum təhsilin keyfiyyətinə mənfi təsir göstərsin. Məsələn, Bakı Qızlar Universitetindəki əksər ixtisaslar pedaqoji yönümlü olduğu üçün həmin tələbələrin Pedaqoji Universitetə və ya digər müvafiq ali məktəblərə köçürülməsi təmin olunacaq. Yəni özəl universitetdən dövlət universitetinə köçürülmək tələbənin öz işinə yarayacaq. Çünki Pedaqoji Universitetə, Bakı Dövlət Universitetinə və ya Azərbaycan Dillər Universitetinə köçürülən tələbə, əlbəttə ki, özəl təhsil müəssisəsindən belə nüfuzlu dövlət universitetlərinə keçdiyi üçün sevinməlidir.
Ümid edirəm ki, bu prosedur tələbələr üçün gözəl bir sevinç səbəbi olacaq".
Turqut Ansari
11:15 03.08.2026
Oxunuş sayı: 69