“Azərbaycan müəllimi” jurnalının 100 illik yubileyi keçirildi
Azərbaycanın təhsil və maarifçilik sahəsində mühüm yer tutan “Azərbaycan müəllimi” jurnalının yüzillik yubileyi möhtəşəm şəkildə qeyd olunub.
Crossmedia.az bildirir ki, tədbir “STEAM” İnnovasiyalar Mərkəzində baş tutub və elm, təhsil, mədəniyyət sahələrinin görkəmli nümayəndələrini bir araya gətirib.
Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Daha sonra jurnalın baş redaktoru Arzu Soltan çıxış edərək jurnalın tarixi, bu günə qədər olan fəaliyyəti və onun təhsil sistemindəki rolu barədə ətraflı təqdimat edib. Təqdimatda jurnalın milli təhsil mühitində oynadığı mühüm rol və mətbuat tariximizdəki əhəmiyyəti xüsusi vurğulanıb.
Yubiley tədbirində jurnalın 100 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Təhsil naziri Emin Əmrullayev çıxış edərək jurnalın təhsil və maarifçilik sahəsindəki rolunu yüksək qiymətləndirib və onun gələcəkdə də önəmli bir tribuna olacağını qeyd edib.
Türkiyəli alim, Nobel mükafatı laureatı Aziz Sancar yubiley münasibətilə göndərdiyi təbrik məktubunda jurnalın təhsilin inkişafında oynadığı əvəzsiz rolu və beynəlxalq maarifçilik dəyərlərinin yayılmasındakı töhfələrini qeyd edib.
Digər çıxış edənlər sırasında Bakı Slavyan Universitetinin rektorunun məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov və pedaqoji elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü Hikmət Əlizadə də yer alıb. Onlar jurnalın təhsilin inkişafında keçdiyi uğurlu yol, müəllimlərin peşəkar səviyyəsinin artırılmasındakı rolu və qarşıdakı hədəflər barədə danışıb.
Tədbirin ikinci hissəsində “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktiki yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirə keçirilib. Paneldə alimlər və mütəxəssislər tədris prosesində elmi-pedaqoji nəşrlərin oynadığı rol və onların effektiv istifadəsi barədə fikir mübadiləsi aparıblar.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Ağa Əsa
12:05 16.12.2024
Oxunuş sayı: 6544