Maqsud İbrahimbəyov – Bakı ruhunun ədəbiyyat ünvanı
Bu gün Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı Maqsud İbrahimbəyovun doğum günüdür. Ömrünü sözə, sənətə və milli yaddaşın qorunmasına həsr edən sənətkarın anadan olmasından 91 il ötür.
O, təkcə yazıçı deyildi. Maqsud İbrahimbəyov bütöv bir dövrün duyğusunu, Bakı mühitinin koloritini, insan münasibətlərinin incə çalarlarını bədii dillə yaşadan nadir sənətkarlardan idi.
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu ilə seçilən Maqsud İbrahimbəyov həm nasir, həm dramaturq, həm də ssenarist kimi milli mədəniyyət tarixində silinməz iz qoyub. Onun əsərlərində insan taleləri süni pafosdan uzaq, həyati və səmimi şəkildə təqdim olunurdu. Yazıçının yaratdığı qəhrəmanlar oxucuya yad görünmürdü. Onlar Bakının küçələrində yaşayan, dəniz qoxusu ilə böyüyən, gündəlik qayğıları və arzuları olan adi insanlardı. Məhz buna görə də Maqsud İbrahimbəyovun personajları illər keçsə də yaşayır, yeni nəsillərlə yenidən tanış olur.
Onun yaradıcılığında Bakı xüsusi obraz kimi çıxış edirdi. Köhnə həyətlər, Abşeron bağları, neft buruqları, dəniz sahili, küləkli küçələr, insanların bir-birinə münasibəti — bütün bunlar yazıçının əsərlərində canlı mənzərə yaradırdı. O, Bakını yalnız təsvir etmir, onun ruhunu duyurur, oxucuya hiss etdirirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Maqsud İbrahimbəyov yaradıcılığını xarakterizə edərkən “milli koloritin qabarıq təsviri”ni onun sənətinin əsas xüsusiyyətlərindən biri kimi qeyd edib.
Maqsud İbrahimbəyovun qələmindən çıxan “Truskavetsə kim gedəcək?”, “Bütün yaxşılıqlara görə ölüm”, “Ondan yaxşı qardaş yox idi”, “Qoy o bizimlə qalsın”, “Bayquş gəldi”, “Kərgədan buynuzu” kimi əsərlər Azərbaycan oxucusunun yaddaşında xüsusi yer tutur. Bu əsərlərin böyük hissəsi ekranlaşdırılıb, müxtəlif ölkələrin teatr səhnələrində tamaşaya qoyulub. Yazıçının dramaturji düşüncəsi və insan psixologiyasını dərindən açmaq bacarığı onun ssenarilərini də sevilən edib.
Azərbaycan kinosunun inkişafında da onun mühüm xidmətləri olub. “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Ən vacib müsahibə”, “Müharibənin 1001-ci gecəsi” kimi filmlər müəyyən dövrün sosial-mənəvi portretidir. Xüsusilə “Uşaqlığın son gecəsi” filmi Azərbaycan kinosunda yeni nəfəs hesab olunurdu. Gənclərin daxili dünyasını, ilk sevgini, dostluğu və həyatla üz-üzə qalmağı təbii şəkildə təqdim edən film bu gün də maraqla izlənilir.
Maqsud İbrahimbəyovun yaradıcılığını fərqləndirən əsas xüsusiyyətlərdən biri də sadə insanların həyatına böyük diqqətlə yanaşması idi. O, qəhrəmanlarını nə ideallaşdırır, nə də ittiham edirdi. Sadəcə insanı olduğu kimi göstərirdi. Bəlkə də elə buna görə onun əsərləri zamanın sınağından çıxaraq aktuallığını qoruyub saxlayır. Yazıçının dili sadə olsa da, həmin sadəliyin arxasında dərin psixoloji qat, mürəkkəb həyat müşahidələri dayanırdı.
Onun yaradıcılığı yalnız ədəbiyyatla məhdudlaşmırdı. Maqsud İbrahimbəyov uzun illər ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Əsərləri 36 xarici dilə tərcümə olunub, müxtəlif ölkələrdə nəşr edilib. O, Azərbaycanı keçmiş SSRİ məkanında və beynəlxalq ədəbi mühitdə tanıdan sənətkarlardan biri idi.
Ümummilli Lider Heydər Əliyev Maqsud İbrahimbəyov haqqında danışarkən onun ədəbiyyatımızda və incəsənətimizdə özünəməxsus yerə malik olduğunu vurğulayırdı. Bu fikrin arxasında böyük həqiqət dayanır. Çünki Maqsud İbrahimbəyov təkcə əsər yazmırdı. O, dövrün insanını, şəhərin yaddaşını və milli xarakteri sənətə çevirirdi.
Bu gün onun adı Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri kimi ehtiramla xatırlanır. Çünki Maqsud İbrahimbəyovun yaratdığı dünya hələ də Bakı küçələrinin küləyində, köhnə həyətlərin səsində, ekranlarda dönə-dönə izlənilən filmlərdə və illər keçsə də aktuallığını itirməyən əsərlərində yaşayır.
18:15 11.05.2026
Oxunuş sayı: 43