ASAP Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə xarici ölkələrdə - Avstriya, Latviya və Çin Xalq Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Crossmedia.az xəbər verir ki, Avstriyanın Vyana şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı gənclər konfransı keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ASAP-ın icraçı direktoru Güldanə Dadaşova və ASAP Avstriya nümayəndəsi Ənvər Əliyev Ümummilli Liderin təhsil və elmə, mədəni inkişafa verdiyi sistemli dəstəkdən danışıblar. Bildirilib ki, dahi şəxsiyyətin əsas hədəflərindən biri Azərbaycanın elmi və intellektual potensialını inkişaf etdirmək idi. Onun təşəbbüsü ilə ölkədə elmi-tədqiqat institutları gücləndirilib, minlərlə azərbaycanlı gəncin bacarıqlı kadr kimi formalaşdırılması istiqamətində əməli addımlar atılıb. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi baş tutub. Tədbirin bədii hissəsində isə gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifasında musiqi nömrələri təqdim olunub.
Latviyanın Riqa şəhərində 10 may - Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib. Tədbir zamanı Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviya Seyminin azərbaycanlı millət vəkili Amil Səlimov və ASAP-ın icraçı direktoru Güldanə Dadaşova Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti çərçivəsində həyata keçirilən təşəbbüslər barədə danışıblar. O cümlədən xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə bağlılığının qorunması, eləcə də onların beynəlxalq mühitdə ölkəmizin maraqlarının təbliğində oynadığı mühüm rol barədə fikir mübadiləsi aparılıb. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “İrs” filmi nümayiş olunub.
Çinin Pekin şəhərində ASAP və Azərbaycan–Çin Məzunlar Assosiasiyasının (ACAA) birgə təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Çində təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbir zamanı ASAP Çin nümayəndəsi Nəsimi Sadiqli və Azərbaycan-Çin Məzunları Assosiasiyasının (ACAA) nümayəndəsi Araz Məhərrəmli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclərin bir fərd kimi yetişməsi üçün göstərdiyi diqqət və qayğı, xüsusilə müxtəlif ölkələrlə təhsil sahəsində əməkdaşlığın genişləndirilərək hər il yüzlərlə gəncin həmin ölkələrin ali təhsil müəssisələrinə göndərilməsinin Azərbaycanın xarici ölkələrdə layiqli təmsilçiliyindəki əhəmiyyəti barədə danışıblar. Sonda isə Ulu Öndər Heydər Əliyevin həyatı və zəngin dövlətçilik irsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
15:30 11.05.2026
Oxunuş sayı: 47